Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Onun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb.
Ə.Məmmədov musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb. 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988-ci illərdə “Azkonsert birliyi”nin solisti olub.
O, 100-dən artıq mahnı və təsniflər yaradıb ki, onlar xanəndələrin repertuarlarına daxil edilib.
Xanəndənin xidməti dövlətimiz tərəfindən yüksək dəyərləndirilib. O, Azərbaycan SSR Əməkdar artisti (18 may 1963), Azərbaycan SSR Xalq artisti (17 may 1989) fəxri adları, “Şöhrət” ordeni (4 fevral 2000), “Qızıl çinar” beynəlxalq mükafatı (10 may 2009″), “İstiqlal” ordeni (3 fevral 2010), “Şərəf” ordeni (4 fevral 2020) mükafatlarına layiq görülüb.
Qeyd edək ki, Əlibaba Məmmədov həm də 44 günlük Vətən Müharibəsinin simvollarından birinə çevrilən şəhid Xudayar Yusifzadənin ifası ilə yaddaşlara əbədi köçən “Xudayar təsnifi”nin müəllifi idi.
“Xudayar təsnifi”nin əvvəlki adı “Vətən yaxşıdır” olub. Bu təsnifi Əlibaba Məmmədov qəzəlxan Əliağa Vahidin “Vətən yaxşıdır” şeirinə bəstələyib. Öz ifası ilə ona ikinci həyat verən Xudayarın şərəfinə təsnif Əlibaba Məmmədovun razılığı əsasında “Xudayar təsnifi” adlandırılıb.
Allah rəhmət eləsin!
Xalq artisti Əlibaba Məmmədov birinci Fəxri xiyabanda dəfn olunacaq.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.