AzərbaycanDünyaİran

İngiltərənin Leeds şəhərində keçirilən Dünya Ana Dili Günü mərasimindən report:

Mərasim Azər-Türk Dərnəyi Yorkshire’nin (ATAY) təşəbbüsü ilə 24 fevral 2024-cü il
tarixində İngiltərənin Leeds şəhərində keçirildi. Tədbir istər Azərbaycan cəmiyyətinin Quzey istərsə də Güneyindən olan həmvətənlilərimizin iştirakı, bir neçə İngilis siyasətçilərin, Millət vəkili, bələdiyyə başçısı, QHT-nın üzvləri, fərqli cəmiyyətlərin nümayəndələri, Amnesty İnternationalın nümayəndəsi, musiqiçilər və bir çox qonaqların iştirakı ilə həyata keçirildi. Tədbirə Röyalə-Tomas Amiral Moody, Azərbaycan-İngilis cütlüyü aparıcılıq etdilər. Tomasın Türkcə və Röyalənin İngiliscə danışması neçə etnikli ailədə milli kimliyə hörmətin göstəricisi idi.
Tədbir iki hissədən: çıxışlar və musiqidən ibarət idi. Tədbirdə İngiltərə QHT, dövlət və Amnesty İnternatinal Təşkilatının nümayəndələrinin əhəmiyyətli iştirakı və dil ayrı-seçkiliyinin rolunu izah etmək üçün çıxışlar daha çox ingilis dilində aparıldı. Beləliklə millətlərin gəlişməsi, özəlliklə İrandakı Azərbaycan Türklərinin milli hüquqların pozulması halları, xüsusən son zamanlar geniş miqyasli həbslər barədə beynalxalq media və cəmiyyətlərə şifahi və yazılı məlumat verildi.

İlk öncə ATAY Dərnəyinin sözçüsü İsa Türkoğlu ATAY-in bugünədək həyata keçirdiyi mühüm fəaliyyətlərinin bəziləri haqqında qısa hesabat təqdim etdi. O, İranın çoxmillətli ölkə olduğunu vurğulayaraq həmin ölkədə qeyri-fars çoxunluğunun milli hüquqlarının pozulmasına toxundu. O, həmçinin İranda milli ayrı-seçkiliyin bilincli və sistematik olduğunu da vurğuladı. İsa Türkoğlu çıxışının sonunda G.Azərbaycan milli fəallarının kütləvi həbslərini əks etdirən yazılı və görüntülü video hesabatı Amnesty İnternational Təşkilatının nümayəndəsi xanım Ann Callarmana təqdim etdi.

Sonra Nelson Mandelanın vəkilinin qızı xanım ⁠Frances Bernstein Cənubi Afrikada apartayd əleyhinə hərəkat və mərhum Mandelanın bu hərəkatdakı rolu haqqında ümumi məlumat verdi.

Ardınca Hilari Benn, Britaniya parlamentindəki Leybor Partiyasının üzvü, Britaniyanın etnik çeşitliliyə toxunaraq, ölkədə Şotlandiya, Uelz və İrlandiyadan olan sosyal və siyasi arenalarda hüquq bərabərliyinə işarə etdi və bunu Britaniya cəmiyyətinin milli sərvəti hesab etdiyini bildirdi.

Leeds şəhərinin meri Asghar Khan özünü, İngiltərədəki immiqrant icmasına nümunə kimi təqdim etdi, yeniyetmə yaşlarında Britaniyaya köçəməsinə baxmayaraq hökumət tərəfindən bərabər imkanlar təmin edildiyi üçün İngiltərədə bələdiyyə kimi mühüm dövlət idarəçiliyində rəhbərlik dərəcəsinə yüksəldiyinə toxundu.

Britaniyalı jurnalist Neil Watson öz çıxışında İranda etnik hüquqların geniş şəkildə pozulmasına diqqət yetirdi. O, İranda baş verən konstitusiya (məşrütə) inqilabına toxunaraq, Rza xanın hərbi çevrilişi ilə Qacarların süqutu öncəsi İranda mövcud idarəçilik sistemini bir növ yazılmamış federalizmə əsaslanan dövlət sistemi adlandırdı. O, İranı təşkil edən dörd mühüm əyalətlərə toxunaraq, Azərbaycanı Qacar dönəminin ən mühüm əyaləti adlandırdı. Həmin dövrdə Azərbaycan əyaləti parlamentini ( Əncuməninin) Tehranda 12 nümayəndə təmsil edirdi. Lakin, bu durum, hərbi çevriliş sonrası Pəhləvi rejiminin fars millətçiliyi ideologiyası siyasətləri sonucu İranda tarixən hakim olan neçə millətli idarəçilik sistemini tək millətli Fars dövlət-millətçiliyi idarəçiliyinə çevirdi. Eyni sistem İslam Respublikası tərəfindən bugün də davam etdirilir. Ona görə də İranda Məşrütə və xüsusilə Qacardan sonra qeyri Farslar, özəlliklə Türklər və Ərəblərə qarşı irqçlik siyasəti dəvam etdirilib. Azərbaycanda və İranın digər bölgələrində mərkəzi hökumət tərəfindən qanlı repressiyalar həyata keçirilib və hal-hazırda da geniş həbslər və repressiyalara məruz qalmalarına şahidik. Beynəlxalq Ana Dili Günü Banqladeş xalqının Pakistanın benqalilərə qarşı dil ayrı-seçkiliyi siyasətinə qarşı apardığı mübarizənin nəticəsidir. Bu siyasət Banqladeşin müstəqilliyi ilə nəticələndi. İranda belə siyasətin davam etdirilməsi həm də milli-dini çatların daha da dərinləşməsinə səbəb ola bilir.

İrlandiya icmasının fəal üzvü Rachael Loftus öz çıxışında da 80-90-cı illərdə İrlandların milli hüquqlarının İngilislər tərəfindən pozulmasına toxundu. Aydındır ki, tolerantlıq və fərqli etniklərə bərabərhüquqluluq Britaniya siyasi cəmiyyətinə çox vacib idi. O, İrlandiyada baş verən assimilyasiya siyasətinə toxunaraq, bu siyasəti uğursuz hesab edərək, dili bir cəmiyyətin milli kimliyinin təməl ünsürü adlandırıb və dilin yaşadığı sürəcdə məhv ola bilməyəcəyini söylədi.

Tanınmış Ərəb jurnalisti və siyasi fəalı cənab Yusif Əzizi Bəni Tarafın iştirakı özəl önəm daşıyırdı. O, çıxışında İranda neçə millətli dövlət idarəçiliyinin tək millətli dövlətə çevrilməsini xatırlatdı. İranda Pəhləvidən əvvəl mövcud olan siyasi idarəçilik sistemini bugünki Britaniya idarəçilik sistemi ilə eyni qiymətləndirdi. İran Məhrusə Məmləkətləri adına istinad edərək onu Britaniya birləmiş krallıqlarının adı ilə eyni dəyərləndirərək Qacarlar dövründə Azərbaycan, Ərəbistan Lorestanat və s. bölgələrinin statusunu Britaniyada Şotlandiya, İngiltərə, İrlandiya və Uels ilə bərabər hesab etdiyini bildirdi. O, Pəhləvilər dövründə və İslam Respublikasında sistemli dil, irqi, siyasi və iqtisadi ayrı-seçkiliyə işarə edərək, ana dilində təhsilin qadağan olunmasını bunun yalnız bir nümunəsi hesab edib.

Nərminə xanım Məhəmmədova Xocalı faciəsini yad edərək Ermənistanın ekstremist ordusunun Azərbaycanın Qarabağ ərazisində sivil vətndaşlara qarşı törətdiyi vəhşiliklər haqqında məruzə ilə çıxış etdi.

Musiqi bölməsində:
Jeyla Seyidova violində Sari Gəlin mahnısını,
Əməkdar incəsənət xadimi Rafiq Rüstəmli Tarda – Vidad Qafqazlının Nağarada müşaiəti ilə Ana mahnısını, Erfan Bağeri Aşıq sazında Yanıq Kərəmi və Segah Muğamı, Harmoniya xor groupu isə müxtəlif dillərdə mahnılar ifa etdilər.
Onu da qeyd edək ki, tədbirdə Röyalə və Tom cütlüyünün övladları Əsgər -“Azərbaycan” şeirini dedi və qızı Elli isə “Tərkəmə” Milli rəqsini ifa etdi.

Babək Bəxtavar “Şirin dil” və “Volkanlar Coşsun” mahnılarını ifa etmişdir. İfa ilə yanaşı Neil Watsonun sözlərinə istinad edərək, Türk dilini Azərbaycanın milli kimliyini yaşadan təməl unsur hesab etmişdir. Azərbaycan Respublikası müstəqil dövlət kimi dünya Azərbaycanlılarının nümayəndəsı olsa da, lakin tarixən Azərbaycanın əsas hissəsi həm torpaq, həm də əhali olaraq Təbrizin mərkəzi Arazın Güneyində var olan Azərbaycandır. İran rejiminin repressiyalarına baxmayaraq, Yürüş Mehrəlibəyli və İbrahim Savalan və minlərlə cəsur və bilgin milli fəalların çalışmaları sayəsində hələ də dim-dik ayaqdadır.

Tədbir G. Azərbaycanın əski milli fəalı vokalist Fərhad Əmirinin (Nişat) “Yaşa-Yaşa Azərbaycan” milli marşını gözəl ifasilə olduqca milli duyğular ortamında sona çatdı.

Çıxışlar, musiqilər və müsahibələrin videoları daha sonra təqdim olunacaq.

 

Related Articles

Bir cavab yazın

Back to top button