Azərbaycan

“Azərbaycan kinosu yox səviyyədədir” – Kino adamlarından QALMAQALLI FİKİRLƏR

Gün keçdikcə Azərbaycan filmlərinə baxış sayı əvvəlkinə nisbətən azalır.

 Belə olan halda tamaşaçı daha çox xarici rejissorların filmlərinə üstünlük verir. Bu cür tendensiyanın davamı Azərbaycan kinosunun inkişafını geridə qoya bilərmi?
Kino deyəndə niyə yalnız Sovet filmləri yadımıza düşür? Kino sahəmizdə nə kimi yeniliklər çatışmır? Rejissor əksikliyi yoxsa aktyor qıtlığı?
Mövzu ilə bağlı Ednews-a Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov münasibət bildirib. Onun sözlərinə görə, kino böyük bir mədəniyyət və ideologiyadır:
“Əvvəllər kino studiyalarda peşəkar sənətkarlar böyük mədəniyyətimizi təbliğ edirdilər. Bu gün isə bu mexanizm pozulub. Biz yol ayrıcında qalmışıq. 100-200 seriyalı film olmur. Özəl şirkətlərin çəkdiyi 100-200 seriyalı filmlər aktyor və tamaşaçılar üçün təhqirdir. Buna ona görə xeyli pul sərf olunur ki, gündəmdə eyni kütlə qalsın”.
Rejissor onu da əlavə edib ki, kino sahəsinə dövlətin ayırdığı büdcədən yalnız 10% gəlib çatır:
“Kinomuzun inkişafı üçün sərəncam verilib və büdcə ayrılıb. Çox təəssüflər olsun ki, bu bizə gəlib çatmır. Azərbaycanın kino mədəniyyətini pis günə qoyan vəzifə adamlarıdır. Bəli, bu gün kinoda, mədəniyyətdə çox böyük problemlər yaşanır. Elə buna görədə çox ciddi nəzarət edilməlidir. Çünki dünyanın ən dəhşətli silahı ideoloji təbliğat silahıdır. Bu sahələrə vətənpərvər insanlar təyin olunmalıdır. Təsadüfi şəxslər bu sahəyə gəlməməlidir. Bu belə davam etdikdə ziyan bizə, dövlətə və sənətimizə dəyir”.
Əməkdar artist Cavanşir Hadıyev isə bildirib ki, 30-40 il bundan əvvəl dövlət dotasiyasında olan ideoloji kino vardı. Yəni Sovet reallığını əks etdirən mövzular vardı və dövlət də bunu tələb edirdi:
“Dövlət o vaxtı 1 filmin istehsalına tələb olunan kifayət qədər pul sərf edirdi. Kinoda mövzu, keyfiyyət, dərinlik var idi. Kinonun içində sənət görürdük. İndi müqayisə etdikdə elə deyil. Demək olar ki, kinomuz yox səviyyədədir. Yəni ölüb demək olmaz, amma axsayır. Məqsəd pul qoparmaqdır. Ona görə də istənilən mövzulara, hətta əxlaqi olmayan mövzulara da müraciət edirlər. Sırf tamaşaçı kütləsi yığmaq və biletlərin satışını çoxaltmaq üçün. Köhnə kinolarda həqiqətən də profesional rejissorlar və aktyorlar işləyirdi. İndi isə kim gəldi işləyir. İstənilən sahədən əl uzadılır. Köhnə kinolar Sovet dövrünün büdcəsindən maliyələşirdi. Buna görə də kino o vaxt yaşayırdı ”.
Əməkdar aktyor qeyd edib ki,  indiki aktyorların çox az hissəsinin sənət məktəbi keçib.  Onun sözlərinə görə, buna görə də istedadlı aktyorların sayı çox azdır.
“Son 30 ildə İncəsənət Universitetində aktyor tədrisi məhv edilib. İncəsənət Universiteti əsasən, teatr aktyorları hazırlayır. Tək-tük aktyorlar var ki, həqiqətən peşəkardılar. Aktyorluğa çox vaxt özünü bəyənən, bu yolla özünü göstərmək istəyənlər üz tutur. Peşəkər kino təhsili alanlar çox azdır. Azərbaycanda az sayda olsa da istedadlı rejissor və aktyorlarımız var. Kinoda böyük islahatlar baş verməsə onları da itirəcəyik. Tamaşaçılar daha çox sırtıq komediyalara üstünlük verir”.
Həmkarı ilə həmfikir olan digər sənətçimiz, aktrisa Rada Nəsibova bildirdi ki, kino sahəsi tamaşaçılardan çox aktyorları narahat edən çox böyük problemdir. Çünki aktyorlar da öz istedadlarını göstərmək istəyir.
“Təəssüf hissi ilə qeyd edə bilərəm ki, bu gün kinoda inkişaf yoxdu. Ciddi, tarixi filmlərə çox ehtiyac var. Çoxu maddiyyata bağlayır. Düşünürlər ki, yaxşı kino üçün, yaxşı pul lazımdır. Bu sahəyə diqqət ayırmırlar sadəcə. İstək olsa hər şey əldə etmək olar. Azərbaycan kinosunu inkişaf etdirmək heç kimin marağında deyil. Köhnə Azərbaycan kino studiyasına baxanda insanın içi parçalanır. Neçə ilərdir kino günündə, avqustun 2-də gedib filmlər görmək istəyirik. Gedib görürük ki, 14-20 dəqiqəlik qısa metrajlı filimlər çəkilir. Məsələn, Mən bunu anlamıram. Son 4-5 ildə uzun metrajlı filmlər çəkilmir”.
Qənbərova Səbinə

Related Articles

Bir cavab yazın

Back to top button