Azərbaycanİran

ƏLİYEV VƏ RƏİSİNİN GÖRÜŞÜ NİYƏ BAŞ TUTMADI? – “Tehranın siyasəti Bakıda ciddi suallar yaradır”

Martın 15-də İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi yerli mətbuata müsahibəsində Azərbaycan və İran prezidentləri arasında görüş keçiriləcəyini açıqlasa da, bu görüş hələ də gerçəkləşməyib.

“Ümid edirəm ki, yaxın vaxtlarda iki ölkənin energetika nazirləri hazırlıq işlərinin görülməsi üçün görüşəcəklər, dövlət başçılarının iştirakı ilə sərhəddə “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının və müvafiq bəndlərin açılış mərasimi keçiriləcək”, – diplomat bildirmişdi.

İlham Əliyev və İbrahim Rəisinin görüşünün baş tutmaması müxtəlif səbəblərlə bağlı ola bilər. Xüsusən, 2023-cü ilin yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı həyata keçirilmiş terror hücumu ilə bağlı Bakı hələ də qaneedici cavablar almayıb. Cinayəti törədən şəxsə qarşı bu il yanvarın 27-də edam hökmü çıxarılsa da, görünür, bu, münasibətlərin bərpa olunması üçün yetərli deyil.

Qeyd edək ki, səfirin haqqında bəhs etdiyi energetika nazirlərinin görüşü Ciddə şəhərində baş tutub. İran tərəfi müzakirələrdən sonra bəyan etdi ki, Azərbaycandan Tehrandakı səfirliyinin fəaliyyətini bərpa etməsini gözləyirlər. Amma Bakıdan bu barədə hər hansı açıqlama verilmədi.

İran səfiri daha sonra görüşün olacağını təkrarlasa da, qarşı tərəfdən gözlədiyi reaksiyanı almadı. Mümkündür ki, İran Azərbaycanın bir sıra vacib məsələlərlə bağlı istəklərini reallaşdırmayıb, yaxud yarımçıq həyata keçirib.

Bu xüsusda martin 25-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İranla sərhəddə yerləşən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova sui-qəsd hazırlayan dəstənin yaxalanması barədə yaydığı məlumatı xatırlamaq yerinə düşər. “Müəyyən edilib ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara icra başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib”, – Xidmətdən bildirilib. DTX-nın məlumatında konkret ölkə adı çəkilməsə də, qeyd olunur ki, B.Əskərov sövdələşərək əlaqə yaratdığı şəxslərin xarici dövlətin ərazisində hərbi təlimlər keçməsini təşkil etməyi planlaşdırıb. Lakin DTX tərəfindən görülən tədbirlər nəticəsində bu cinayət əməllərini həyata keçirə bilməyib.

Mümkün ehtimallardan biri İrandan qaynaqlanan bu cür əməllərin hələ də davam etməsinə Bakının təpkisi ola bilər. Yəni rəsmi Bakı İrandan vahid mövqe gözləyir, daha hazırkı sağ əllə əməkdaşlıq, sol əllə terror hədələri siyasətinin davamını yox.

Daha bir problematik məsələ İranın İrəvanın Qərblə sıxlaşan əlaqələrinə rəğmən hələ də Ermənistana dəstək siyasətini davam etdirməsidir. Xatırladaq ki, Tehran Azərbaycan-İsrail əməkdaşlığını regionun və özünün təhlükəsizliyinə böyük təhdid adlandırırdı, Bakını “yad qüvvələri bölgəyə soxmaqda” ittiham edirdi. Bu gün Ermənistan rəhbərliyi ABŞ, Fransa, Avropa İttifaqı – bir sözlə, İranın bütün düşmənlərini onun sərhədinə gətirsə də, Tehrandan heç bir reaksiya yoxdur. Bakı bu ikili oyuna da Tehranın aydınlıq gətirməsini gözləyə bilər.

 

 

Politoloq Elxan Şahinoğlu “AzPoltika”ya şərhində bildirib ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov mart ayında Araz çayı üzərində inşa olunan “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının tikintisi layihəsi üzrə görülən işlərin gedişatı ilə tanış olub. O, özünün sosial media hesabında yazmışdı ki, tikinti işləri 96% yekunlaşıb: “Buna baxmayaraq, səfirin proqnozu doğrulmadı. Liderlər Novruz bayramında görüşmədilər. Əlbəttə, stansiyaların fəaliyyətə başlaması hər iki dövlətin maraqlarına xidmət edir”.

Ekspert deyir ki, İrandakı qərar verən mərkəzlərin Azərbaycan əleyhinə fəaliyyətləri də gündəmi məşğul edib: “Rəşt şəhərinin universitetlərindən birində Azərbaycanın ərazi bütövlüyü əleyhinə keçirilən konfrans, Lənkəran İcra Hakimiyyətinin başçısına sui-qəsd cəhdinin planlaşdırılmasında qonşu ölkənin adının hallandırılması Tehranın siyasəti ilə bağlı Bakıda yenə də ciddi suallar yaradıb. Bütün hallarda, liderlərin iştirakı ilə “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının açılışı baş tutacaq. Sadəcə, qonşu ölkədəki güc mərkəzləri müxtəlif təxribatlar vasitəsilə münasibətlərin normallaşmasına imkan vermirlər”.

Related Articles

Bir cavab yazın

Back to top button