İran

“Qərçək” zindanında qadın məhbuslar arasında vərəm yayılıb

İnsan haqları təşkilatı məsələ ilə bağlı xəbərdarlıq ediblər.

İnsan haqları təşkilatları İranın Vəramin şəhərinin “Qərçək” zindanında qadın məhkumlar arasında vərəm xəstəliyinin geniş yayılması barədə yenidən xəbərdarlıq edib.

Onların zindanda olan qaynaqlara istinadən verdiyi xəbərə görə, zindanın qadınlar bölməsində 100 qadından götürülən testin 40-nın nəticəsi müsbət olub.

Qısa müddət öncə azadlığa buraxılan insan haqları müdafiəçisi və ictimai fəal Atena Daemi iyulun 2-də özünün sosial media hesabında “Qərçək”də baş verməkdə olan faciə ilə bağlı paylaşım edib.

Qeyd edək ki, az müddət bundan öncə “Qərçək” zindanının dözülməz şəraiti ilə bağlı  əslən Zəngan şəhərindən olan tanınmış hüquq müdafiəçisi, İran İnsan Haqları Birliyinin sədr müavini, siyasi məhbus Nərgiz Məhəmmədi və hüquq müdafiəçisi Aliyə Mətləbzadə açıq məktub yazıblar.

Hüquq müdafiəçiləri həbsxana şəraitinin dözülməz olduğunu və qadın məhbusların həyatına qarşı laqeyd yanaşıldığını bildirib.

Bundan öncə quşçuluq ferması kimi istifadə olunan “Qərçək” zindanı sonradan narkomanların saxlanma mərkəzinə, daha sonra isə qadın məhkumların cəzaçəkmə müəssisəsinə çevrilib.

Yaxın Şərqin ən böyük qadın zindanı olan “Qərçək”in 1200 nəfər tutumu olmasına baxmayaraq hal-hazırda orada 1500 qadın məhkum saxlanılır.

Related Articles

Bir cavab yazın

Back to top button