Azərbaycan

“Ağalar bilmədi birdir bu torpaq…”- Araz həsrətli şair Bəxtiyar Vahabzadənin doğum günüdür

Bu gün müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq Şairi, dramaturq, ictimai xadim Bəxtiyar Vahabzadənin doğum günüdür.

Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəkidə anadan olub.

Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb.

O azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr verib. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş taleyüklü hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində olub.

Bəxtiyar Vahabzadənin yaradıcılığında əsas xəttlərdən biri türkçülük, bütöv Azərbaycançılıqdır. 1959-cu ildə yazdığı tarixi “Gülüstan” poeması şairə məşhurluq gətirib.

Ağalar bilmədi birdir bu torpaq
Təbriz de, Bakı da Azərbaycandır.
Bir elin ruhunu, dilini ancaq
Kağızlar üstündə bölmək asandır.

Böl, kağız üstündə, böl, gecə-gündüz,
Torpağın üstünə dirəklər də düz,
Gücünü, əzmini tök də meydana,
Qosundan, silahdan sədd çək hər yana.
Torpağı ikiyə bölərsen, ancaq
Çətindir bədəni candan ayırmaq!

Onun bu misraları Azərbaycan insanının dilinin əzbərinə çevrilmişdi.

Bəxtiyar Vahabzadənin bir alim kimi də Azərbaycan elmi qarşısında xidmətləri danılmazdır. Onun şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərləri daim elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Bəxtiyar Vahabzadə yaradıcılığında baş mövzulardan biri də ana dilidir. Onun qəti qənaətinə görə, dil xalqın varlığının nişanələrindən biri olub, onun ən qiymətli sərvətidir, üstəlik nəsillər silsiləsini birləşdirən, babaların vəsiyyətini nəvələrə çatdıran qüdrətli tərbiyə vasitəsidir.

Görkəmli şərqşünas alim Əhməd Şmide yaradıcılığını dərindən öyrəndiyi, əsərlərini alman dilinə tərcümə etdiyi Bəxtiyar Vahabzadə barədə belə deyib: “Bir insanın öz xalqını və öz doğma dilini dəlicəsinə sevə bilmək qabiliyyətini mən Bəxtiyar Vahabzadədən öyrəndim.

Bəxtiyar Vahabzadə realist şairdir. Dolaşıq və müəmmalı ifadələr, aydın olmayan tərkiblər və əllaməlik onun sənətinə yaddır”.

Zəngin yaradıcılığı boyunca 20-dək poema, 10 dram əsəri yazıb. Bir neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub.

Bəxtiyar Vahabzadə 2009-cu il fevralın 13-də vəfat edib. Bakıda, Fəxri Xiyabanda dəfn olunub

Related Articles

Bir cavab yazın

Back to top button