Azərbaycan

Ağdam və Tərtərdə daha iki mülki şəxs həlak oldu

Azərbaycan Baş prokurorluğu bu gün Ermənistan ordusunun törətdiyi hərbi cinayətlər, cəbhə bölgəsində mülki obyektləri və dinc əhalini atəşə tutmasına, bilərəkdən hədəf almasına dair yeni rəsmi məlumatlar yayıb. Bu məlumatlara əsasən düşmən atəşi nəticəsində Ağdam və Tərtərdə iki mülki sakin həlak olub.

Baş prokurorluq bildirir ki, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir. Hədəf kimi əhalinin kompakt olduğu məntəqələr – rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər – xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları seçilir.

Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 27 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər.

“Dərin kədər hissi ilə qeyd edirik ki, bu gün düşmənin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə qrad qurğularından atəşə tutması nəticəsində Ağdam rayonu, Evoğlu kənd sakini 1979-cu il təvəllüdlü Paşayev Coşqun Ənvər oğlu həlak olub”,-məlumatda deyilir.

Digər məlumata görə Ermənistan ordusunun atdığı mərmilərdən biri bu gün saat 11 radələrində Tərtər şəhərində məhkəmə binasının yaxınlığına düşüb. Nəticədə 1975-ci il təvəllüdlü Əliyev Mehman Sovet oğlu qəlpə yaralarından həlak olub.  Həmin vaxt ərazidən keçən təcili tibbi yardım maşının sürücüsü, 1968-ci il təvəllüdlü Əsədov Qənbər Əsgər oğlu və maşında olan hərbi polisin əməkdaşı 1994-cü il təvəllüdlü Hüseynov Fəxrəddin Fərman oğlu, həmçinin ərazidə olan digər Tərtər şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimov Tural Firdovsi oğlu yaralanıb.

Hər iki cinayətlə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində döyüş şəraiti nəzərə alınmaqla mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri sənədləşdirilmə aparılır və müvafiq qaydada sübütlar toplanılır.

Related Articles

Bir cavab yazın

Back to top button