Azərbaycanİran

“Azadlıq, ədalət və milli hökumət”: Təbrizdə siyasi cərəyanlar birləşdi

Təbriz şəhərində azərbaycanlıların milli-mədəni hüquqları, eləcə də Güney Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizəni günləndirmək üçün səkkiz partiya birləşib.

Qeyd edək ki, İsrailin ən böyük media orqanlarından olan “i24news” -də Güney Azərbaycanda baş verən proseslərdən bəhs edən iri məqalə dərc olunub.

Məqalədə qeyd olunub ki, azərbaycanlıların tarixi-mədəni mərkəzi olan Təbrizdə azərbaycançılığı təmsil edən siyasi cərəyanlar birləşiblər. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi, Azərbaycan Milli Müqavimət Təşkilatı, Azərbaycan Tələbə Hərəkatı, Güney Azərbaycan İstiqlal Partiyası, Güney Azərbaycan Demokratik Türk Birliyi, Güney Azərbaycan Demokrat Partiyası, Güney Azərbaycan Liberal Demokrat Partiyası və Azərbaycan Mərkəz Partiyası bir araya gələrək İranda azərbaycanlıların milli-mədəni hüquqları və azadlıqlarının tapdalanması, ekologiyanın korlanması, o cümlədən azərbaycanlı fəallara qarşı siyasi represiyaların aparılmasını kəskin tənqid edən bəyanat yayıblar. Bu təşkilatların fəalları şəhərin əsas yerlərində, xüsusilə hökumət binalarının və hüquq-mühafizə orqanlarının qərargahlarının divarları üzərində loqolar və Güney Azərbaycanın istiqlaliyyətini əks etdirən vərəqlər yapışdırırlar.

Məsələ ilə bağlı güneyli araşdırmaçı jurnalist Elyar Kamrani Cebhe.info-ya açıqlamasında qeyd edib ki, bu təşkilatların məqsədləri və hədəfləri bir araya gəlib Güney Azərbaycanın milli istiqlaliyyəti uğrunda mübarizə aparmaqdır.

“Təşkilatların idarə heyətləri anlayıblar ki, artıq aralarında olan ixtilafları bir kənara qoymaq və azərbaycanlıların istiqlaliyyəti üçün bir çətir altında birləşmək lazımdır. Bu təşkilatların çox fəaliyyəti olub, nə qədər nümayişlər təşkil ediblər, aksiyalar keçiriblər. Bəli, bir müddət olub ki, bu təşkilatlar müəyyən səbəblərdən dolayı öz fəaliyyətlərini dondurmağa məcbur oldular. 

Amma sonradan yenə də bir araya gəldilər, ən əsası “21 Azər” bəyanatı verməklə fəaliyyətlərini bərpa etdilər. Artıq Güney Azərbaycanın istiqlaliyyəti istiqamətində fəaliyyətlərini davam etdirmək niyyətindədirlər. Son günlər bu təşkilatların fəalları meydanlara toplaşırlar, şüarlar səsləndirirlər, dövlət binalarına məxsus divarların üzərində vərəqlər yapışdırırlar. Bütün bunlar onu göstərir ki, Güney Azərbaycanda partiyaların və təşkilatların əhəmiyyətini artıq çox anlayırlar, onlara güvənirlər və inanırlar. Bu təşkilatlar birgə fəaliyyət göstərsələr, çox önəmli işlərin öhdəsindən gəlmək mümkün olar”. 

Güneyli fəalın sözlərinə görə, bu təşkilarda müxtəlif düşüncəli insanlar olsa da, hamısının ortaq amalı Azərbaycançılıq və Türkçülükdür.

“Əlbəttə, bəzi təşkilatlar Güney Azərbaycana İranın daxilində xüsusi muxtariyyətin verilməsinin, digərləri isə Güney Azərbaycanın müstəqil bir dövlət olmasının tərəfdarıdırlar. Amma hər bir partiya, hər bir təşkilat azərbaycançılıq məfkurəsinə dayanan milli hökumətin qurulmasına çalışırlar. Bu təşkilatların mübarizəsində “Azadlıq, ədalət və milli hökumət” şüarı əsas amal hesab olunur. İstiqlaliyyət uğrunda mübarizə aparan soydaşlarımız bütün arzularını bu üç kəlmədə ifadə edirlər. Eyni zamanda, Vahid Azərbaycan istiqamətində də işlər görülür”. 

Sonda Elyar Kamrani vurğulayıb ki, Güney Azərbaycanda fəaliyyət göstərən təşkilatlar ictimaiyyət üzərində çox güclü siyasi təsir imkanlarına malikdirlər:

“Bu təşkilatların birləşməsi çox sevindirici haldır, artıq bu, ictimaiyyətimizdə ciddi maraq doğurub. Bu təşkilatlar haqq və ədalət uğrunda mübarizə aparmaq üçün milləti meydanlara çağırırlar. İnsanlarımız da onların sözlərinə qulaq asıb meydanlara gəlirlər. Biz görürük ki, Təbrizin bir çox meydanlarında təşkilatlar tərəfindən keçirilən nümayişlərdə plakatlar qaldırılmaqla bərabər Güney Azərbaycanın bayraqları da dalğanlandırılır. Bu, həmçinin onu da sübut edir ki, millətimiz öz övdalarına inanır. Hesab edirəm ki, həm təşkilatlarımız, həm də millətimiz heç kəsdən qorxmayaraq birgə addım atacaqlar, bərabər mübarizə aparacaqlar”. 

Yunis Abdullayev
Cebhe.info

Related Articles

Bir cavab yazın

Back to top button