Dünya

Ankarada “TÜRPKA müdafiə və təhlükəsizlik arxitekturası” başlıqlı I toplantı keçirildi

Mayın 22-də Türkiyə Böyük Millət Məclisində (TBMM) Türk Dövlətləri Parlament Assambleyası – TÜRKPA-nın üzvü olan ölkələrin qanunverici orqanlarının milli müdafiə komitələri sədrlərinin birinci toplantısı keçirilib.

Türkiyə parlamenti Milli Müdafiə Komitəsinin sədri Hulusi Akarın sədrliyi ilə keçirilən iclasda Türkiyənin xarici işlər naziri Hakan Fidan, TBMM deputatları, TÜRKPA üzvü olan ölkələrin nümayəndələri, o cümlədən Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov iştirak ediblər.

Toplantıda türk dövlətlərinin müdafiə və təhlükəsizlik üzrə əməkdaşlığının daha da genişləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

Özbəkistanda səfərdə olan TBMM-nin sədri Numan Kurtulmuş videokonfrans vasitəsilə tədbir iştirakçılarına xitab edib.

“Güclü müdafiə sənayesi və silahlı qüvvələri müasir dövlətin təhlükəsizlik sisteminin əsas komponentləri” adlandıran Türkiyə parlamentinin spikeri deyib: “Türk dövlətlərinin əməkdaşlıq istiqamətində birgə addımlar atmaq üçün siyasi iradə nümayiş etdirməsi bizi ürəkdən sevindirir və bu, hər birimizə geniş üfüzlər açır”.

Numan Kurtulmuş çıxışında diqqəti Türkiyənin üzləşdiyi çətinliklərə də çəkib: “Ölkəmiz uzun illərdir ki, terrorizmin təzahürlərinə qarşı müqavimət göstərir. Rəsmi Ankaraya qarşı müdafiə sənayesi məhsullarının tədarükü ilə bağlı açıq və gizli embarqolar tətbiq olunur. Bütün bunlara baxmayaraq, Türkiyəni müdafiə sənayesi sektorunda liderlərdən birinə çevirən yerli müdafiə sənayesinə sərmayələr qoymağa davam edirik”.

Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komitəsinin sədri Hulusi Akar isə toplantı iştirakçılarına əsasən müdafiə sektorunun prioritetlərindən danışıb. O, Türkiyənin beynəlxalq miqyasda strateji əməkdaşlığı üçün müdafiə və təhlükəsizlik sahələrinin vacib olduğunu vurğulayaraq deyib: “Əsl dostlar çətin günlərdə tanınır… Tarix göstərir ki, böhran dövründə bir neçə dövlətdən dəstək gəlirsə, müharibələr zamanı sizin 2-3-dən çox müttəfiqiniz olmur, o da bəxtiniz gətirərsə. Ona görə də müdafiə sahəsində türk dünyasının əməkdaşlığı vacibdir”.

Türkiyənin xarici işlər naziri Hakan Fidan isə rəsmi Ankaranın xarici siyasətinin vektorları barədə tədbir iştirakçılarına məlumat verib. O qeyd edib ki, Qərb ölkələri parlament diplomatiyasından təzyiq kimi istifadə edir və dünyada yalnız öz maraqlarını güdürlər. TÜRKPA ölkələri isə bu mühüm platformadan ümumi inkişaf strategiyasını həyata keçirmək üçün istifadə edə bilər.

H.Fidan Türkiyənin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizliyinin yaxşılaşdırılmasına hərtərəfli töhfə verməyə hazır olduğunu vurğulayaraq onu da deyib ki, “Biz dövlətlərarası münasibətlərdən, o cümlədən müdafiə sahəsində əlaqələri inkişaf etdirmək üçün tarixi imkanlardan istifadə etməliyik”.

Nazir Türkiyə Xarici İşlər Nazirliyi sistemində aparılan struktur islahatlara, xüsusən də xarici siyasət idarəsində Mərkəzi Asiya və TDT ölkələri ilə iş üzrə ayrıca idarənin yaradıldığından da danışıb, “Bu dəyişikliklər Türkiyənin türk dövlətləri ilə yaxınlaşmasına daha böyük töhfə vermək məqsədi daşıyır və TDT ölkələrinin rəsmi Ankara üçün əhəmiyyətinin göstəricisidir” deyib.

Sonda Hakan Fidan Türkiyə Böyük Millət Məclisinin dövri sədrliyi ilə ilk dəfə “TÜRPKA-ya üzv ölkələr arasında müdafiə və təhlükəsizlik arxitekturası” mövzusunda keçirilən birinci toplantının bütün türk dövlətləri üçün faydalı olacağına inamını ifadə edib.

Qeyd edək ki, eyni adlı toplantının ikincisi iyun ayında Azərbaycanın paytaxtı Bakıda keçiriləcək

Related Articles

Bir cavab yazın

Back to top button