Azərbaycanİran

Gizli saxlayırlar: İran azərbaycanlı tələbəni məqsədli şəkildə girov götürüb

"Məqsəd rəsmi Bakıya təzyiq göstərməyi, hansısa tələblər irəli sürməyi planlayır. Eyni zamanda Azərbaycan vətəndaşlarında bir qorxu, xof yaratmağa çalışır"

  Azərbaycan Xarici İşlər Nazirliyi İranda itkin düşən azərbaycanlı Fərid Səfərli barədə növbəti açıqlama yayıb. Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib ki, İranda itkin düşən azərbaycanlı tələbədən hələ də məlumat yoxdur: “Hazırda bu məsələ araşdırılır”. Bununla bağlı dəfələrlə İranın Azərbaycandakı səfirliyinə nota verilib. Qeyd edək ki, Almaniyanın Yena Universitetinin tələbəsi, 1997-ci il doğumlu  Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib. Martın 4-dən bəri isə ondan xəbər yoxdur. Məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın Azərbaycandakı səfirliyinə nota verib, dəfələrlə Tehrana çağırış edilib. Lakin çağırışlara məhəl qoyulmayıb. Tələbənin aqibəti ilə bağlı hansısa məlumat əldə etmək mümkün olmayıb.
 
  Güney Azərbaycandan olan milli fəal, araşdırmaçı-jurnalist Elyar Kamrani “Şərq”ə açıqlamasında bildirib ki, İran hökuməti Fərid Səfərlinin harada olmasını çox yaxşı bilir, çünki onu hökumət özü girov götürüb. Ekspertin sözlərinə görə, İran başqa ölkənin vətəndaşlarını girov saxlamağı yaxşı bacarır:
 “İranın son dönəmdə Azərbaycana qarşı çirkin siyasəti hamıya bəllidir. O da məlumdur ki, Fərid Səfərli fevralın 20-də İrana səfər edib. İran rejimi öz çirkin əməllərini həyata keçirmək üçün azərbaycanlı tələbəni məqsədli şəkildə girov götürüb və bunu da gizli saxlayıb. Məqsəd rəsmi Bakıya təzyiq göstərməyi, hansısa tələblər irəli sürməyi planlayır. Eyni zamanda Azərbaycan vətəndaşlarında bir qorxu, xof yaratmağa çalışır. Yəqin ki, bir neçə gündən sonra bu əməlini ortaya çıxaracaq və müəyyən istəklər irəli sürəcək. Yəni tələbəmizin qaytarılması qarşılığında tələblər gündəmə gələcək. Ona görə də bu məsələni mümkün qədər beynəlxalq müstəviyə daşımaq lazımdır. Beynəlxalq qurumların diqqətinə çatdırmalıyıq ki, gəncimiz İrana səfər edib və onu oğurlayıblar. Siyasi və hüquqi yollarla İrana təzyiq göstərilməsinə nail olmalıyıq”.
 
  Milli fəal vurğulayıb ki, İrana təzyiqlər olmazsa, rejim öz əməllərinə davam edəcək: 
“Aprelin 15-də İranda hökumətin təşkil etdiyi “Qüds günü” aksiyalarında Azərbaycana qarşı fikirlər dilə gətirilib. “Qüdsə gedən yol Bakıdan keçir” məzmunlu plakatlar qaldırılıb. Həmçinin, ölkə rəhbərliyi əleyhinə şüarlar  səsləndirilib. Bütün bunlar göstərir ki, İranın Azərbaycan əleyhinə planları çoxdur. O baxımdan Fərid Səfərli məsələsində rəsmi Bakı, diplomatik nümayəndələrimiz daha ciddi addımlar atmalı, daha tələbkar olmalıdır. Gənc tələbənin ailəsini, yaxınlarını nigarançılıqdan qurtarmaq lazımdır”.(sherg.az)

Related Articles

Bir cavab yazın

Back to top button