İran

SEPAH-ın keçmiş zabiti: SEPAH Azərbaycan zabitini oğurlamaq istəyib

"Aznews tv" xəbər verir ki, o, "Amerikanın Səsi" kanalına müsahibəsində İranda əmniyət güclərinin növləri və onların ​xalqa qarşı törətdikləri ​cinayətlərdən danışıb.

Sepahın Kəşfiyyat Təşkilatının Ərdəbil vilayəti üzrə rəis müavini olmuş və sonra müxtəlif səbəblərdən həbs edildikdən sonra ölkədən çıxmağa müvəffəq olmuş polkovnik Əli Rzayi İran rejiminin xalqa tutduğu divanla bağlı yeni detallar açıqlayıb.

“Aznews tv”xəbər verir ki, o, “Amerikanın Səsi” kanalına müsahibəsində İranda əmniyət güclərinin növləri və onların ​xalqa qarşı törətdikləri ​cinayətlərdən danışıb.

Əli Rzayi bildirib ki, “Bəsic Qüvvələri”, “İmam Əli Briqadaları”, Sepah, Sepahın Kəşfiyyat Təşkilatı və Sepahın Mühafizə Təşkilatı xalqa atəş açan və basqılara, repressiyalarda iştirak edən əsas qüvvələrdir.

Sabiq polkovnik qeyd edib ki, xalqa atəş açmaq üçün Sepah və ona bağlı təşkilatlar İran Milli Təhlükəsizlik Şurasından, vilayətlərdə isə Təmin Şurasından icazə alırlar. Lakin Sepahın Mühafizə Təşkilatı xüsusi nüfuza sahibdir. Bu qurum çox vaxt sözügedən şuralardan deyil, birbaşa “ali rəhbər” Əli Xameneinin ofisindən, yəni birbaşa onun özündən xalqa atəş açmaq icazəsi alır və etiraz aksiyalarında etirazçılara qarşı döyüş silahlarından istifadə edir. O, buna misal kimi bir neçə il əvvəl Təbrizdə tələbələrin etirazını xatırladıb və Sepahın Mühafizə Təşkilatının birbaşa “ali rəhbər”in ofisindən icazə alaraq universitetə daxil olub tələbələrə atəş açdığını, 4-ü xanım olmaqla 14 tələbəni yaraladığını, hətta universitetin rektorunu da döydüyünü deyib.

Onun sözlərinə görə, İran qanunlarına əsasən, xüsusi hallar istisna olmaqla xalqa qarşı silahdan istifadə cinayət məsuliyyəti daşıyır. Qanun çərçivəsində silahdan istifadəyə dair icazəyə görə Təmin Şurası və Daxili İşlər Nazirliyi məsuliyyət daşıyır. Amma birbaşa “ali rəhbər”in icazəsi ilə xalqa atəş açıldığı üçün, müstəqil olmayan İranın Məhkəmə Hakimiyyəti və ədliyyə orqanları ​ümumiyyətlə bu məsələləri araşdırıb günahkarları cəzalandırmır.

Sepahın keçmiş polkovniki əlavə edib ki, İran rejimi və əmniyət gücləri xalqa atəş aça bilmək üçün müxtəlif qurumlardan da istifadə edir. Belə ki, ölkə polisinə tabe olan Terrorizmlə Mübarizə üzrə Xüsusi Təyinatlı Qüvvələr olan “Vilayət Qoruyucuları Xüsusi Təyinatlı Qüvvələri” adlı təşkilat xalqın kütləvi etiraz aksiyaları zamanı polis tərəfindən etirazların yatırılmasına cəlb edilir. Bununla da guya terrorçuların etirazlarda iştirak etdiyi bəhanə edilir və adıçəkilən qüvvələr döyüş silahları ilə meydana girib etirazçılara atəş açır.

O, Sepahın Quru Qoşunlarının daxildə və ölkə xaricində insan oğurluğu, terror-təxribat fəaliyyətləri və digər bu kimi ənəllərini də ifşa edib. O qeyd edib ki, Sepahın Kəşfiyyat Təşkilatı bir vaxtlar Azərbaycan Respublikasının sərhədçilərini oğurlamaqla bağlı da əməliyyatlar üzərində işləyib və icra etməyə çalışıb.

Əli Rzayi, habelə Sepahın güney azərbaycanlı fəallara qarşı həyata keçirdiyi terror-təxribat əməllərindən söz açıb. O, Babək qalası aksiyalarında iştirak edənlərin Sepah tərəfindən izləndiyini və daha sonra azərbaycanlı milli-mədəni fəal Çingiz Bəxtavərin “müəmmalı” şəkildə ölümünü, eləcə də həmin vaxt Təbrizin deputatı olmuş Əkbər Ələniyə qarşı keçirilən siyasi terroru misal kimi xatırladıb.

Polkovnik Sepahın, hətta şiə ruhanilərə qarşı da terror həyata keçirdiyini deyib. O bildirib ki, dini kitabları Azərbaycan dilinə tərcümə edən hakimiyyətə yaxın ruhani Adil Mövlayini də Sepahın Kəşfiyyat Təşkilatı bu üzdən avtomobil qəzasına salaraq öldürüb. O, Adil Mövlayi ilə birlikdə başqa ruhanilərin də bu formada öldürüldüyünü və bunun da çox güman ki Sepahın Kəşfiyyat Təşkilatının həyata keçirdiyi terrorlar olduğunu qeyd edib.

Əli Rzayi sonda İran hökumətinin azərbaycanlı fəalları “separatçılıq”da ittiham etməsinə münasibət bildirib. O qeyd edib ki, Güney Azərbaycanda milli fəallar rejimin siyasətinə qarşı çıxır və öz hüquqlarını tələb edirlər. Amma Tehranın həyata keçirdiyi yanlış və ayrı-seçkilik siyasəti Azərbaycan bölgələrinin İrandan ayrılmasına şərait yarada bilər.

Related Articles

Bir cavab yazın

Back to top button