AzərbaycanDünya

Azərbaycan və Ermənistan sülh sazişi üzrə razılığa gələcəklər

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində Latviyanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Edqar Rinkeviç cari beynəlxalq vəziyyətdən söz açaraq, ölkəsinin sədrliyi dövründə görüləcək işlərdən, milli prioritetlərə üstünlük veriləcəyindən danışıb.

 Avropa Şurası Nazirlər Komitəsinin sədri daha sonra avropalı parlamentarilərin suallarını cavablandırıb.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Nigar Arpadarai latviyalı nazirə müraciət edərək deyib: “Avropa Şurasının iki üzvü olan Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması müsbət perspektivlər açır. Sülh danışıqları son vaxtlar kifayət qədər intensiv xarakter daşıyır və beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmətə əsaslanır.
Ancaq buna paralel olaraq, digər fəaliyyətlər də həyata keçirilməlidir, məsələn, etimadın möhkəmləndirilməsi tədbirləri. Avropa Şurasının Baş katibi artıq bu istiqamətdə layihələrə start verildiyini bildirdi. Nazirlər Komitəsinin sədri kimi bu sahədə Avropa Şurasının rolunu necə görürsünüz?”.
Azərbaycanlı deputatdan sonra erməni nümayəndə Nazirlər Komitəsinin sədrinə təxribatçı sual ünvanlayıb.
Sualları cavablandıran Edqar Rinkeviç deyib: “Əvvəla biz ümid edirik ki, hər iki ölkə – Azərbaycan və Ermənistan bütün çətinliklərə baxmayaraq, sülh sazişi üzərində razılığa gələ biləcəklər. Mən bu dialoqun, siyasi prosesin intensivləşməsini də çox yüksək qiymətləndirirəm. İnanıram ki, bu, konkret, həm də müsbət nəticəyə gətirib çıxaracaq.
Hesab edirəm ki, lazımi şəraiti yaratmaqla Avropa Şurasının da bu prosesdə rolu var. Ermənistan, eləcə də Azərbaycan hələ 2001-ci ildə Şuraya üzv olublar və hər ikisi münaqişənin sülh yolu ilə həlli üçün öhdəlik götürüb. Beləliklə, mən hesab edirəm ki, hər iki ölkə öz öhdəliklərinə uyğun hərəkət etməlidir”.

 

1

Related Articles

Bir cavab yazın

Back to top button