Azərbaycan

Azərbaycanın güneyində fəaliyyət göstərən ziyalılarımız – Mirzəağa Əliyev (1883–1954)

Mirzəağa Əliyev teatr və kino aktyorudur. O, 1949-cu ildə SSRİ Xalq artisti adına layiq görülmüşdür. Hövsan qəsəbəsində kəndli ailəsində anadan olan Mirzəağa ilk təhsilini mollaxanada almış, sonradan isə Bakıda rus-müsəlman məktəbini bitirmişdir.

1901-ci ildə ilk dəfə səhnəyə N.Vəzirovun “Müsibəti Fəxrəddin” (“Çəkmə, çəkə bilməzsən, bərkdir fələyin yayı”) faciəsində Şahmar bəy rolunda çıxış edib.

Mirzəağa Əliyev 1906-1907-ci illərdə “Həmiyyət” teatr truppasının rəhbəri və aktyoru olmuşdur. Bu truppa, əsasən, fəhlələr arasında tamaşalar verirdi. 1907-1912-ci illərdə “Nicat” cəmiyyətinin teatr truppasında çıxış etmişdir. 1912-ci ildə mütərəqqi ictimai fəaliyyətinə görə Həştərxana sürgün edilmişdir.

1913-1918-ci illər arasında Mirzəağa Əliyev həm özünün təşkil etdiyi, həm də digər görkəmli səhnə ustalarının topladıqları teatr dəstələri ilə Türkiyənin İstanbul, İranın Tehran, Rəşt, Təbriz, Ənzəli kimi böyük şəhərlərində, Volqaboyu şəhərlərdə, Tiflisdə, İrəvanda, Batumidə, Dərbənddə, Petrovski Portda (indiki Mahaçqala), Orta Asiyada qastrol səfərlərində olmuşdur.

Mirzəağa Əliyev 1924-cü ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında çalışmış, Azərbaycan səhnə realizmi ənənələrini davam etdirmişdir.

#Tarix

Related Articles

Bir cavab yazın

Back to top button