Azərbaycanİran

Azərbaycanlı fəal Məlika Qaragözlü həbs edilib

Güney azərbaycanlı öyrənci hərəkatı fəalı, "Əllamə Təbatəbayi" Universitetinin jurnalistika fakültəsinin öyrəncisi Məlika Qaragözlü Zəngan şəhərində həbs edilib.

Vəkili Məhəmmədəli Kamfiruzi özünün sosial media hesabında etdiyi paylaşımda müvəkkilinin oktyabrın 1-də təhlükəsizlik məmurları tərəfindən saxlanıldığını yazıb.

“Məlika Qaragözlü oktyabrın 1-i gecə saatlarında 10 kişi və 1 qadın məmurun evinə hücum etməsi, qapısının sındırılması nəticəsində saxlanılıb.

O, anası ilə qısa telefon danışığında Tehranın Evin zindanının 209-cu bölməsinə salındığını bildirib”,- deyə, vəkil yazıb.

22 yaşlı azərbaycanlı fəal sentyabrda Tehran İnqilab Məhkəməsi tərəfindən 4 il 4 ay həbs cəzasına məhkum edilib və zindana köçürülmə barədə son qərarı gözləyirdi.

Həbslə bağlı çıxarılan qərarda fəal barəsində çıxarılan qərarın ən azı 3 il 8 ayının mütləq icra edilməsinin vacibliyi, həbs müddəti bitdikdən sonra ictimai fəaliyyətlərinin qadağan edildiyi qeyd olunub.

Bununla yanaşı Məleykə Qaragözlünün ictimai, siyasi təşkilatlara üzv olması və iki il müddətinə sosial media fəaliyyətlərinə, ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.

Məleykə Qaragözlü iyulun 13-də məcburi hicaba etiraz olaraq yaylığını başından açıb yerə atdığı videonu paylaşdıqdan sonra təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

O, bundan öncə 2019-cu il oktyabrın 18-də Tehran Universitetinin qarşısında keçirilən etiraz aksiyaları zamanı da saxlanılıb və 6 ay həbs cəzasına məhkum edilərək Evin zindanına köçürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button