Azərbaycanİran

​”İran, milləti öz tərəfinə çəkməklə onları inandırmaq istəyir ki…” – Elyar Kamrani

“Artıq iki aydır ki, İranda etirazlar davam edir. Etirazlar Məhsa Əminin hicabla bağlı qaydalara əməl etmədiyi üçün başlasa da, hazırda ölkədə yaşayan bütün insanlar buna etiraz edirlər. Cənubi Azərbaycanda, Kürdüstanda, Ərəb bölgəsində və mərkəzdə yaşayan farslar da bu etirazlara qoşulublar”.

Sulh.info.az xəbər verir ki, bu sözləri İrandakı vəziyyətlə bağlı saytımıza açıqlamasında İranlı araşdırmaşı jurnalist Elyar Kamrani bildirib:

“İndiyə qədər 300-dən artıq insan İran hökuməti tərəfindən qətlə yetirilib. Bunların içərisində çoxlu sayda azərbaycanlılar da var. Qeyd edim ki, bu etirazlar gün keçdikcə daha da artır. Hakimiyyət həbs edilən bəzi insanlara edam hökmü verməklə çalışır ki, bir qorxu yaratsın. İran deputatlarının yaydığı məlumatda bildirilir ki, həbs olunan 15 min məhbusa edam hökmü verilsin. Bu formada cəmiyyət içərisində qorxu salmaqla etirazları dayadırmağa çalışırlar. Amma biz etirazlar dalğasının geniş insan kütləsini əhatə etdiyinin şahidi oluruq. Belə ki, etirazlara tələbələr, hətta 11-12 yaşlı azyaşlılar belə qoşulurlar. Bir neçə gün əvvəl tutulan 9 yaşlı məktəbli uşağın etirazlarda iştirakı onu göstərir ki, İran İslam Respublikası nə qədər acizdir.

Hazırda etirazlar daha geniş əhatə dairəsinə malikdir. Həm gündüz, həm də gecə boyu etirazlar davam edir. Tələbələr, məktəblilər, insanlar müxtəlif ərazilərdə, universitetlərdə, küçələrdə etirazlara davam edir və hazırda mövcud olan rejimin dəyişməsini istəyirlər. Çünki bu rejim 43 il ərzində insanların həyatlarını çətinləşdirməkdən başqa bir işə yaramayıb. İranın xarici siyasəti və daxildə olan iqtisadi, siyasi, ictimai böhranlar dövlətin parçalanmasına gətirib çıxarır”.

Onun sözlərinə görə, İranda yaşayan insanların mövcud hökumətə qarşı inamı qalmayıb və hazırki rejim məhv olana kimi etirazlara davam edəcəklər:

“İran müxtəlif bəhanələrlə istəyir ki, qonşu ölkələrlə savaş yaratsın və vəziyyətə nəzarəti əlinə alsın. Amma İranın hərbi təchizatına baxsaq, onun bunu edə biləcəyini düşünmək doğru olmaz. İran milləti öz tərəfinə çəkməklə onları inandırmaq istəyir ki, biz olmasaq qonşular bizə qarşı hücum edər, bizi aradan qaldırar. Amma cəmiyyət başa düşür ki, qonşu ölkələrin İrana əks-hücum etmək kimi bir niyyəti yoxdur.

İran dövləti bu 43 il ərzində dünyanı terrorizmlə, insanlığa qarşı həyata keçirdiyi işləri ilə qonşu ölkələri təhdid edir. Bu dövlətin mövcudluğu bütün qonşu ölkələr üçün təhlükədir. İranda yaşayan millətlər də bunu yaxşı dərk edir və etirazlara davam edirlər. Cəmiyyətdə artıq İranın vədlərinə inanc qalmayıb. Ona görə də, etirazlar hələ davam edəcək. Müxtəlif bölgələrdə etirazlar davam edir və görürnən budur ki, növbəti mərhələlərdə hər bir bölgə öz haqlarını əldə edə biləcək.

Cənubi Azərbaycana baxsaq, burada etirazçıların bəlli şüarları var: “Azadlıq, ədalət, milli hökumət”. Yəni demək istəyirlər ki, biz müstəqil bir əraziyik, öz haqlarımız var və haqlarımızı əldə etmək üçün etirazlarımıza davam edəcəyik. Düşünürəm ki, bu haqlı etirazlar hər kəsin öz haqlarını əldə edəcəyi, demokratik bir dövlətin qurulacağı zamana kimi davam edəcək”.

Fidan Ali / Sulh.info.az

Related Articles

Bir cavab yazın

Back to top button