Azərbaycanİqtisadiyyat

Bazarda rəqabətə baxmayaraq, TAP qaz kəmərinin genişləndirilməsi realdır

Böyük Britaniyanın “Wood Mackenzie” konsaltinq şirkəti Trans-Adriatik boru kəmərinin (TAP) illik buraxıcılıq gücünün 20 milyard kubmetrə qədər genişləndirilməsi perspektivlərinə müsbət yanaşdığını açıqlayıb.

Bunu şirkətin tədqiqatlar üzrə direktoru Marrey Duqlas bildirib.

“Avropada “yaşıl enerjiyə” keçid və bazarda istehlakla bağlı mövcud qeyri-müəyyənliyə baxmayaraq, TAP-ın genişləndirilməsi perspektivlərini müsbət qiymətləndiririk. Lakin TAP-ın inşasına başlanıldığı 2016-cı ildən etibarən regionda qazın dinamikası dəyişib, bu, xüsusilə bu yaxınlarda Türkiyənin Qara dənizdə kifayət qədər qaz ehtiyatı kəşf etməsi, həmçinin Rusiya qazı da daxil olmaqla, daha sərfəli tədarük alternativlərinin olması sayəsində baş verib”, – deyə Duqlasın şərhində bildirilir.

Onun sözlərinə görə, 4,5 milyard avroya başa gələn və 4 il yarıma inşa edilmiş, hazırda ildə 10 milyard kubmetr ötürmə qabiliyyətinə malik olan TAP qaz kəmərinin 15 noyabr tarixindən kommersiya əməliyyatlarına başlaması bütün maraqlı tərəflər üçün pozitiv xəbərdir.

“Bu, Azərbaycan qazının müqavilələr üzrə Türkiyədən kənara ilk tədarüküdür, o, Avropa İttifaqına qaz idxalı üçün dördüncü boru kəməri dəhlizini təmin edir. TAP Aİ-nin enerji təhlükəsizliyinə kömək edəcək, həmçinin İtaliya, Bolqarıstan və Yunanıstanın qaz bazarlarının şaxələndirilməsi olacaq. TAP-ın istismara verilməsi dekarbonizasiya planlarını irəli çəkən İtaliya üçün təchizat imkanlarını genişləndirir”, – deyə Duqlas qeyd edib.

Trans-Adriatik boru kəmərinin tikintisi üzrə konsorsium 2020-ci il oktyabr ayının 13-də qaz kəmərinin tikintisinin başa çatdığını elan etmişdi.

TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçəcək.

 

 

Related Articles

Bir cavab yazın

Back to top button