AzərbaycanDünyaİran

“Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır” – 21 fevral Beynəlxalq Ana Dili Günüdür​​​​​​​

​​​​​​​21 Fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı (BMT) 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib.

Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri  fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana Dili Günü adlandırılması haqqında müraciət ediblər.

YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana dili günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Bu gün İran adlanan ölkədə yeridilən şovinist siyasət nəticəsində qeyri-fars millətlərinin ən doğal hüquqları, o cümlədən ana dilində təhsil almaq hüququ pozulur. İranın bütün qeyri-fars millətləri bəluclar, türkmənlər, kürdlər, ərəblər də etnik diskriminasiya siyasətinə məruz qalır.

Fars şovinizimin basqılarına ən çox məruz qalan da Güney Azərbaycan türkləridir. Güney Azərbaycanda hər il Beynəlxalq Ana Dili Günü münasibəti ilə müxtəlif tədbirlər həyata keçirilir, lakin bu tədbirlərin təşkilatçıları İran rejiminin xüsusi təqib və təzyiqlərinə məruz qalır.

Təxminən hər il Dünya Ana Dili Günü ərəfəsində Güney Azərbaycanın müxtəlif şəhərlərində çox sayda soydaşımız rejim tərəfindən saxlanılır.

Bu gün Güneydə onlarla ana dili fəalı, o cümlədən Tohid Əmirəmini, Əkbər Nəimi, Məhəmməd Eyni, Əlirza Fərşi, Əli və Rza Vasiqi qardaşları, Ruzbeh Piri  təzyiqlərə məruz qalıb.

Güney Azərbaycan türkləri dünya ictimaiyyəti və ölkə rəhbərliyinin diqqətini ana dilində təhsil məsələsinə cəlb etmək üçün çeşidli cəhdlərə baş vurur, ancaq millətin bu haqlı tələbi heç bir şəkildə təmin olunmur, mədəni fəallara polis dəyənəkləri, təzyiqlər və həbs cəzası ilə qarşılıq verilir.

Beynəlxalq Ana Dili Günü ərəfəsində divarlara “Türk  dilində mədrəsə – Olmalıdır hər kəsə”, “Türk dili rəsmi dil kimi tanınsın”, “Yaşasın Azərbaycan”, “Ana dilim – Türk dili”, “İran türklər üçün zindandır” və s. kimi şüarların yazılması, bu zəmin broşura və vərəqələrin paylanması adi hala çevrilib.

İranın qüvvədə olan Konstitusiyasında qeyri-fars millətlərinə ana dilində təhsil almaq hüququ verilib. Lakin bu hüquq kağız üzərində qalıb. Hər seçkidə prezidentliyə namizədlər qeyri-fars millətlərinə ana dili ilə bağlı şirin vədlər versələr də, sonradan bu vədi “unudurlar”.

İranda super-etnos sayılan farsların sayı türklərin sayından artıq deyil.

Lakin hakimiyyətdə olan molla cildinə girmiş fars şovinistləri 30 milyondan çox Azərbaycan türkünün doğal haqqını tanımaq niyyətində deyil.

Molla rejimi yalnız fars dilinin inkişafının qayğısına qalır. Fars dilini nəinki İranda, hətta qonşu dövlətlərdə də inkişaf etdirmək siyasəti aparılır. Bu siyasətə milyonlar xərclənir.

İran hakimiyyətinin məqsədi türk dilini unutdurmaq, türk milli kimliyini məhv etməkdir. Ölkədə uşaqlara türk adlarının verilməsi yasaqdır. Uşaqlara yalnız dini və fars mənşəli adlar qoyula bilər.

Məsələn, güneyli valideyn övladına “Laçın”, “Yağış”, “Aydın”, Yağmur”, “Aylin” adını qoya bilməz. Ancaq fars kültüründən gələn “Kuruş”, “Dariyuş”, “Kambiz”, “Mənuçöhr” adını qoya bilər.

Fars şovinistlərinin əsas amacı İranda etnik asimilyasiya siyasəti aparmaq, qeyr-fars dillərini məhv etmək, bütün millətləri tədricən farslaşdırmaqdır.

Lakin bu mürtəce siyasət iflasa məhkumdur. İran millətləri artıq əvvəlki durumda deyil. Son 20 ildə qeyr-fars millətlərində milli şüurun oyanışı prosesi sürətlənib. Artıq Güney Azərbaycan türkləri məzhəb çadrasına bürünmüş rejimin əsl mahiyyətini yaxşı bilir.

Rejimin bütün basıqaların baxmayaraq türk dilinin qorunub saxlanılması uğrunda mücadilə davam edir.

Hər il Güney Azərbaycan şəhərlərində uşaqlarla və yeniyetmələrə türk dilində çap olunmuş kitablar paylanılır. Milli fəallar sosial şəbəkələrdə ana dili aksiyaları keçirir, müxtəlif adlı həştəqlərlə kampaniyalar təşkil edir. Ana dilimiz bütün basıqalara rəğmən yaşayacaq, inkişaf edəcək.

Heç kimi baldan şirin dilimizi unutdura bilməyəcək. 70 il rus imperiyası Quzey Azərbaycanda bunu bacarmadı, fars şovinistləri də nail ola bilməyəcək.
Sevimli şairimiz Bəxtiyar Vahabzadənin baldan şirin ana dilimizi belə vəsf edib:

Səndə mənim xalqımın qəhrəmanlıqla dolu Tarixi varaqlanır,
Səndə neçə min illik mənim mədəniyyətim,

Şan- şöhrətim saxlanır.
Mənim adım-sanımsan,
Namusum, vicdanımsan!

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə qoyub getdiyi

Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək!

Related Articles

Bir cavab yazın

Back to top button