Azərbaycan

Bu gün Aznews Televiziyasının 2 yaşı tamam olur

Telekanal 2019-cu il iyunun 1-də fəaliyyətə başlayıb. Televiziyanın baş qərargahı İsveçin Stokholm şəhərində yerləşir. Kanalın təsisçisi və direktoru insan haqları fəalı, hüquqşünas, Azərbaycan Mərkəz Partiyasının sədri Saleh Kamranidir. Fəaliyyətə başladığı ilk dövrlərdən telekanal “Yahsat” peykindən və 2021-ci il martın 18-də isə “Azərspace”də yayıma başlayıb.

Televiziyanın Xəbərlər Departamenti dünya azərbaycanlılarını gündəlik olaraq operativ, dəqiq və qərəzsiz ictimai-siyasi, mədəni, iqtisadi xəbərlərlərlə təmin edir.

Verilişləri İsveçin Stokholm şəhərindən yayımlansa da, telekanalın dünyanın bir sıra ölkələrində müxbir məntəqələri və studiyaları mövcuddur. Aznews Televiziyası heç bir siyasi, sosial, mədəni, iqtisadi və dini təşkilatın maraqlarını müdafiə etmir və jurnalistika prinsiplərinə sadiq qalaraq müstəqil aparıcı siyasəti ilə seçilir.

Telekanal 5 dildə – Azərbaycan dili, ingilis, rus, fars və ərəb dillərində informasiya yayımını həyata keçirir. Televiziya kanalı peyk, veb sayt və sosial şəbəkələr vasitəsilə izləyiciləri ən son yeniliklərdən məlumatlandırır. Aznews Televiziyasının platforması “Facebook”, “İnstagram”, “Twitter” sosial şəbəkələri və “YouTube” kanalı üzərindən fəaliyyət göstərir. Televiziyanın saytında istifadəçilərə siyasi, incəsənət, tarix, elm, texnologiya, idman, iqtisadiyyat və hüquq kimi ayrı-ayrı bölmələrdə ən son xəbərlər, hesabatlar, eləcə də təhlillər təqdim edilir.

Kanalın hədəfi bütün Azərbaycanın siyasi, sosial və mədəni sahələrində baş verən yenilikləri proqramlarda əks etdirməkdir. Telekanal orijinal və yaddaqalan verilişləri ilə geniş auditoriyanın rəğbətini qazanıb. Aznews Televiziyasının efirində xəbər-informasiya, analitik-təhlil, ictimai-siyasi, elmi, diskussiya, müəllif proqramları üstünlük təşkil edir.

Aznews Televiziyası siyasi, analitik, tarixi, iqtisadiyyat və mədəniyyət proqramları ilə qısa müddətdə böyük izləyici kütləsi toplayıb. Azərbaycanda və dünyada baş verən ən son yeniliklər, aktual siyasi məsələlər 24 saat yenilənən Aznews Televiziyasının əsas strategiyasını təşkil edir.

44 günlük Vətən müharibəsi zamanı da telekanal dövlətin hərbi strategiyasının əsas parçası hesab edilən kommunikasiya vasitəsi kimi öz rolunu layiqli şəkildə yerinə yetirib. Belə ki, telekanalın Xəbərlər Departamenti izləyicilərini 24 saat ərzində Qarabağ müharibəsi ilə bağlı operativ və dəqiq məlumatlarla təmin edib. Aznews Televiziyası “Hər şey Qarabağ üçün, hər şey Vətən üçün!” şüarı altında xəbər siyasətini daha da gücləndirib.

Aznews Televiziyasının rəhbəri, Azərbaycan Mərkəz Partiyasının sədri, insan haqları fəalı Saleh Kamrani dəfələrlə yerli və xarici media orqanlarına verdiyi müsahibələrində Azərbaycan Respublikasının diplomatiya siyasətini və bu savaşdakı zəfərini yüksək qiymətləndirib. Ermənistan-Azərbaycan müharibəsi dövründə müzəffər ordumuzun tarixi qələbəsi, işğaldan azad edilən ərazilərlə bağlı operativ məlumatlar, ekspert rəyi kanalın proqram siyasətinin müzakirə mövzusuna çevrilir.

Qeyd edək ki, Qarabağ zəfərinin əldə olunmasında güney azərbaycanlıların yeri və rolu danılmazdır. Azərbaycan Respublikasının əzəli torpaqlarının düşmən işğalından azad edilməsinə dəstək, erməni terrorizminə etiraz əlaməti olaraq Güney Azərbaycanın bir sıra böyük şəhərlərində, o cümlədən Təbriz, Ərdəbil, Zəngan, Urmu, Meşginşəhr (Xiyov) və digərlərində genişmiqyaslı aksiyalar təşkil olundu. Bu etiraz aksiyaları ilə əlaqədar gündəlik olaraq ictimaiyyətə geniş məlumatlar verilib.

Related Articles

Bir cavab yazın

Back to top button