İran

Fars və Batı Azərbaycan əyalətlərində öyrəncilərin zəhərlənməsi davam edir

Novruz bayramından sonra məktəblərin açılması ilə eyni vaxtda, çərşənbə günü, aprelin 5-də daha iki hücum xəbəri qeydə alınıb və daha bir neçə iranlı məktəb öyrəncisi zəhərlənmə şübhəsi ilə xəstəxanaya aparılıb.

Dünən yayımlanan videolardan birində Fars əyalətinin Sərvestan Kuhəncan şəhərindəki “İstiqlal” qızlar məktəbinin bir neçə öyrəncisinin ağır vəziyyətdə Şohəda xəstəxanasına aparıldığı bildirilir

Başqa bir hadisədə isə Batı Azərbaycan əyalətinin Piranşəhr şəhərindəki Həzrət Mehdi Qız Liseyinin bir neçə öyrəncisi də xəstəxanaya aparılıb.

Çərşənbə axşamı İsfahanın Dolət Abad rayonundakı “Səhər” qızlar liseyinin 8 öyrəncisi xəstəxanaya aparılıb və Doğu Azərbaycan əyalətinin təcili yardım şöbəsinin müdiri də bildirib ki, Təbrizdə Bağmişə bölgəsində qızlar məktəbinin 20 öyrəncisi “tənəffüs əlamətləri və nəfəs darlığı” ilə xəstəxanaya aparılıb.

Bazar ertəsi, aprelin 14-də Batı Azərbaycanın Naqdeh şəhərində məktəbə kimyəvi hücumların davam etdiyi barədə xəbərlər yayılıb.

Aprelin 4-də Novruz bayramından sonra ölkədə məktəblərin yenidən açılması ilə Sulduz şəhərindəki məktəbdə şübhəli zəhərlənmə faktı qeydə alınıb.

Məktəblərdə qız öyrəncilərə qarşı hücumlar dörd aydan çoxdur ki, davam edir, İslam Respublikasının səlahiyyətliləri isə bu zəhərlənmələrin agentləri ilə mübarizəni dəfələrlə vurğulayır. Bununla belə, bu kimyəvi hücumlarda dini ekstremist qrupların əli olduğu barədə məlumatlar var.

Related Articles

Bir cavab yazın

Back to top button