Azərbaycan

Fazil Mustafanın sui-qəsdində İran dayanır? – Deputatlardan ŞƏRH

Xəbər verdiyimiz kimi, martın 29-u axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa qarşı sui-qəsd olub. O, evinin yaxınlığında ayaq və çiyin nahiyəsindən güllələnib. Hazırda deputatın səhhətində həyati təhülkə yoxdur. Hətta millət vəkili ilk açıqlamasını da verib.

Sosial şəbəkələrdə Fazil Mustafanın güllələnməsini İranla bağlayırlar. İddialara görə SEPAH sui-qəsdlərə start verir. DTX hadisəni terror əməli adlandırıb.

Bu barədə Ednews-a danışan millət vəkili Aqil Abbas bildirdi ki, hadisənin arxasını İranla da bağlayırlar, amma Daxili İşlər Nazirliyi açıqlamasında deyib ki, hələ istintaq gedir. Hər kəs istədiyi fikri, iddianı deyə bilməz.

“Həmkarıma qarşı edilən hərəkətin bircə adı var: terror! İtki bir yerə gedir, güman bir yerə. Hadisənin arxasını İranla da bağlayırlar, amma Daxili İşlər Nazirliyi açıqlamasında deyib ki, hələ istintaq gedir. Hər kəs istədiyi fikri, iddianı deyə bilməz. Dövlət bu hadisəni aydınlaşdıracaq. Mərhum Rafiq Tağının başına gələn hadisənin bənzəridir. Məqsəd ölkədə qarışqılıq, xaos, gərginlik yaratmaqdır. Bu da alına bilməz. Fazil Mustafa təkcə ictimai siyasi xadim deyil, o həm də Azərbaycanda qeyri-adi ziyalıdır. Bu terrordur. Bu da ondan irəli gəlir ki, son zamanlar Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi cinayətkarlara qarşı böyük əməliyyatlar həyata keçirirdi. Bunlardan hər birimizin xəbəri var. Ona görə də Fazil Mustafaya edilən hücum aranı qarışdırmaq üçündür”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu isə hadisənin əvvəlcədən düşünülmüş, məqsədyönlü şəkildə tərtib edilmiş terror olduğunu iddia edib:

“Şübhəsiz ki, hədəf təkcə Fazil Mustafa deyil. Hədəf həm də Fazil Mustafanın təmsil etdiyi dövlət və cəmiyyətdir. Həmkarım Fazil Mustafa daim dövlət maraqlarımızı qoruyan çox fəal deputatlardan biri olub. Terrorun hansı şəraitdə törədilməsi, necə təşkil olunması, hansı silahdan istifadə edilməsi, kimlər tərəfindən həyata keçirilməsi araşdırılır. Əlbəttə, “Kalaşnikov”un vətəni bizə bəllidir. Terror törədənlərin üslubu da bizə məlumdur. Bir müddət əvvəl bizim diplomatlarımıza qarşı törədilən terrorun bu gün Azərbaycanın paytaxtında təkrarlanması şübhələrini insanların ağlına gətirir. Müxtəlif versiyalara bağlı hüquq-mühafizə orqanları araşdırma aparıb, hadisəyə dəqiq qiymət verəcəklər”.

Qeyd edək ki, hadisə baş verdikdən dərhal sonra İranda molla rejiminin “İRNA” xəbər agentliyi məqalələrində Fazil Mustafanı şiələrin qatı düşməni kimi qələmə verib. (ednews)

Related Articles

Bir cavab yazın

Back to top button