Azərbaycanİran

Firudin İbrahiminin irqçi fars rejim tərəfindən edam edilməsinin ildönümüdür

Cənubi Azərbaycanda milli demokratik hərəkatın rəhbərlərindən biri olmuş Firudun Qəni oğlu İbrahimi 1918-ci ildə noyabrın 21-də Cənubi Azərbaycanın Astara şəhərində doğulub. Atasının fəaliyyəti onun gələcək həyatına da təsirsiz ötüşməyi

Firudin İbrahiminin atası, Qəni İbrahimi öz dövrünün müasir düşüncəli ziyalılarından olub. Gilan əyalətinin Rəşt şəhərində Mirzə Məhəmməd Axundzadənin (Sirus) başçılığı ilə Ədalət Firqəsi yaradıldıqdan sonra Astara şəhərində Ədalət Firqəsinin yerli təşkilatını formalaşdırıb. Siyasi baxışlarına görə dəfələrlə həbs edilib, təzyiqlərə məruz qalıb.

Firudin İbrahimi 1945-ci ildə Tehran Universitetinin hüquq fakültəsini bitirib. Tələbəlik illərində inqilabi hərəkata qoşulub. Təbriz şəhərində nəşr olunan İran Xalq Partiyasının orqanı olan “Xavəri nov” (“Şərq xəbəri”) qəzetinin redaktoru olub.

O, 1945-ci ildə il sentyabrın 3-də Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Milli Məclisinin nümayəndəsi, 1945-1946-cı illərdə Azərbaycan Milli Hökumətinin baş prokuroru olub.

O, Azərbaycan Milli Hökuməti elan edilən gün – 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökumətinin baş prokuroru təyin olunub. F.İbrahimi 1946-ci ildə Parisdə Sülh konfransında iştirak edib.

Bu tədbirdə İrana öz hökumətinin İkinci Dünya müharibəsində qalib gəlmiş antihitler koalisiyası dövlətləri ilə faşist Almaniyasının Avropadakı keçmiş müttəfiqləri arasında sülh müqavilələri haqqında mövqeyini şərh etmək imkanı verilmişdi. F.İbrahimi də Azərbaycan Milli Hökuməti adından mətbuat nümayəndəsi sifəti ilə bu konfransa gedib və 1946-cı il avqust ayının 10-dan Paris şəhərinin “Lüksemburq” adlanan ən məşhur tarixi qəsrində keçirilən konfransın iclaslarında iştirak edib.

Azərbaycan Milli Hökumətinin rəhbəri S.C.Pişəvəri 1946-cı il sentyabrın 3-də Azərbaycan Demokrat Firqəsinin yaranmasının birinci ildönümü münasibətilə Təbrizin Dövlət Teatrı salonunda keçirilən tədbirdəki nitqində F.İbrahiminin Paris Sülh Konfransından göndərdiyi hesabatları yüksək qiymətləndirərək deyib: “Bizim hərəkatımız ana dili vasitəsilə dünyada nüfuz və şöhrətə malik ola bildi. Dünya bildi ki, beş milyonluq bir xalq var ki, öz dillərində yazıb və oxuyur… İndi dünyanın yazıq millətləri bizi alqışlayır və bizə nicat verən bir millət kimi baxırlar”.

F.İbrahimi əksinqibalçı qüvvələrə qarşı mübarizə aparan “Babək” adlı könüllü dəstələrin təşkilatçılarından biri olub.

Yeri gəlmişkən, o, öldürüldükdən sonra bu təşkilat şaha qarşı silahlı mübarizə aparıb. F.İbrahimi Azərbaycan Milli Hökumətinin silahlı dəstələrlə qorunmasını təşkil etməklə yanaşı, “Ettelat”, “Aljir”, “Rəhbər”, “Mərdom”, “Zəfər”, “Siyasət”, “Azərbaycan” və s. qəzetlərdə ölkədəki çatışmazlıqları ifşa edən publisistik məqalələr yazıb.

Rza şah Pəhləvi və oğlu Məmmədrza şah Azərbaycan türklərinin milli varlığının məhv edilməsi istiqamətində siyasət yürüdürdülər. Onlar Azərbaycan türkcəsinin ölkədə işlədilməsini yasaqlamışdılar. Azərbaycan türklərinin İrana gəlmə olduğu barədə saxta tarix kitabları yazılırdı.

F.İbrahimi ana dili olan Azərbaycan türkcəsinin müdafiəçilərindəndir. Mənsub olduğu millətin dilini, dədəbiyyatını, mədəniyyətini, tarixini araşdıraraq, kimin gəlmə olduğuna tutarlı cavab verib. Bu baxımdan o, tariximizi  zamanına və şəraitə görə uğurla araşdırıb.

Güney Azərbaycanın Pəhləvi rejimi tərəfindən yenidən işğal edilməsindən sonra F.İbrahimi həbs edilib və edam edilmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button