AzərbaycanDünyaİran

Güney Azərbaycan Təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə Müraciəti;

Güney Azərbaycan Təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə cənab İlham Əliyevə Müraciəti ediblər

Möhtərəm Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyev

Azərbaycan Türklərinin tarixi vətən uğrunda şücaət və fədakarlıqla doludur və bu milli xüsusiyyətimiz bir çox tarixi eniş-yoxuşlara baxmayaraq, millətimizin damarlarında axmaqda davam edir. Müstəqil Azərbaycan Respublikasının uzun illər istibdad və müstəmləkəçilikdən sonra yenidən qurulması bu gün dünyanın hər yerində yaşayan hər bir Azərbaycan Türkünün fəxr etdiyi və dünyadakı bütün Azərbaycan Türkləri üçün yeni bir ümid şüasına çevrildi.
Şübhəsiz bugünki qüdrətli Azərbaycanın yaranmasında Azərbaycan dövlətinin prezidenti və ali baş komandanı olaraq sizin həyati rolunuz danılmazdır. Beynəlxalq diplomatiya sahəsindəki uğurlarınız, Türk və İslam dünyası iclaslarındaki çıxışlarınız, Azərbaycanın tarixi coğrafiyasının taleyi və gələcəyi ilə bağlı həssaslığınız, xüsusilə Qarabağın azadlığı uğrunda aparılan döyüşlərdə müdrik komandanlığınız danılmazdır və millətimizin tarixində əbədi olaraq qeyd olunub. Zati-alinizin dəfələrlə vurğuladığı kimi, dünyanın dörd köşəsində hər bir Azərbaycan Türkünün müqəddəratı və hüququ sizin üçün önəmlidir və siz 50 milyon Azərbaycanlının məsuliyyətini öhdələnibsiniz.

Hörmətli cənab Prezident
Məlumunuz olduğu kimi Güney Azərbaycanda və İranın müxtəlif bölgələrində 35 milyon Türk əhali yaşayır ki onlar istibdad, müstəmləkəçilik, ayrı-seçkilik və inkar siyasəti altında əzilirlər. İran rejimi xalqımıza qarşı assimilyasiya və məcburi köç vasitəsi ilə tarixi torpaqlarımızda cəmiyyət tərkibini dəyişdirmək siyasəti tətbiq edir. İran rejimi çalışır ki xalqımızın keçmişdə Qarabağ yaşadığı tragediyanın bənzərini Güney Azərbaycanın qərb bölgələrində və Xəzər sahillərində ortaya çıxartsın. Azərbaycanın böyük qızıl və mis mədənləri kimi təbii ehtiyatları talan edilir və Azərbaycanın təbiəti qəsdən məhv edilir. Urmu Gölü fəlakəti bunun bariz nümunəsidir. Tarixi kimliyimizin önəmli hissəsi və atalarımızın mirası olan tarixi binalar və abidələr son yüz il ərzində sistemli şəkildə dağıdılıb və bu çirkin siyasət indi də davam edir. Ana dilimiz Azərbaycan Türkcəsi sistemli şəkildə inkar və məhv edilir.
İranda şiəlik adı altında şüubiyyəçilik siyasəti aparılır. Yanı Şiəlik örtüyü altında fars milliyyətçiliyi siyasəti yürüdülür. Məhz bu ideologiyaya görə İran rejimini Qarabağ münaqişəsində işğalçı Ermənistanın tərəfini tutdu və güya “şiə qardaşlarını” kürəyindən bıçaqladı.

Azərbaycanın kimliyini və milli varlığını dinc və mədəni yollarla müdafiə edən Güney Azərbaycanın Türk övladları şiddət və işgəncələrə məruz qalır və uzun müddətli həbs cəzasına məhkum edilir. Yaxud iş yerində, məktəbdə vəya universitetdə fəqli fərqli basqılara məruz qalır.

Biz bilirik ki sizin Güney Azərbaycana qarşı tətbiq olan ayrı-seçkilik və repressiyalar haqqında bilginiz var ona görə də zati-aliniz Güney Azərbaycanda yaşayan soydaşlarınızın hüquqları və taleyi ilə bağlı narahatlığınızı dəfələrlə dilə gətiribsınız.

Hörmətli cənab Prezident;

Biz Güney Azərbaycan təşkilatları olaraq millətimizə qarşı tətbiq edilən təzyiqləri və represiyaları beynəlxalq səviyyədə, Türk və İslam dünyası ölkələri iclaslarında dilə gətirərək səsimiz olmağınızı sizdən xahiş edirik. Sizdən xahiş edirik ki Güney Azərbaycanda xalqımızın tapdalanan hüquqlarının müdafiəçisi olmağa davam edəsiniz və əminik ki, sizin müdrik siyasətiniz sayəsində Güney Azərbaycan da bir gün öz hüquqlarını almağa nail olacaq.
Biliniz ki on milyonlarla Güney Azərbaycan Türkünün qəlbi sizinlədir və ikinci Qarabağ savaşında olduğu kimi xalqımız lazım olanda Quzey Azərbaycandakı bacı-qardaşları üçün heç bir dəstəyi və fədakarlığı əsirgəməyəcəkdir.

Yaşasın Müstəqil Azərbaycan Dövləti və Milləti

Güney Azərbaycan Demokrat Partisi

(Güney) Azərbaycan Mərkəz Partiyası – AMP

(Güney) Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş

(Güney) Azərbaycan Öyrənci Hərəkəti – AZOH

12/12/2023

Related Articles

Bir cavab yazın

Back to top button