Aznews tv’i xəbər verir Fevralın 19-da Şərqi Azərbaycan əyalətinin Əcəbşer şəhərində milli-mədəni fəallar uşaqlar arasında Azərbaycan türkcəsində uşaq nağılları və hekayələrindən ibarət kitablar paylayıblar.
Bundan öncə fevralın 18-də oxşar aksiya Təbrizdə keçirilmiş və şəhər səviyyəsində uşaqlar arasında kitablar paylanılmışdı.
Qeyd edək ki, hər il Güney Azərbaycanın müxtəlif şəhərlərində yeni təhsil ilinin başlanması, 21 Fevral Beynəlxalq Ana Dili Günü və 17 dekabr türkcə kitabların yandırılmasının anım günü ilə əlaqədar ana dilində kitablar paylanılır.
Bu günə kimi çox sayda milli-mədəni, türk dili fəalı İran hökuməti tərəfindən saxlanılaraq qondarma ittihamlarla uzun müddətli həbs cəzalarına məhkum olunub.
Hazırda Abbas Lisani, Əlirza Fərşi, Əli və Rza Vasiqi qardaşlarının məzuniyyətə buraxılmalarına baxmayaraq, Tohid Əmirəmini, Məhəmməd Eyni, Əkbər Nəimi, Ruzbeh Piri və başqaları ana dili uğrunda apardıqları dinc fəaliyyətlərinə görə həbsdədirlər.