İran

Güney Azərbaycan təşkilatlarının birgə bəyanatı

Güney Azərbaycan təşkilatları Amerika prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı açıqlamasını qınayan birgə bəyanat yayıblar. Azərbaycan Mərkəz Partiyası, Azərbaycan Milli Dirəniş Təşkilatı, Azərbaycan Öyrənci Hərəkatı, Güney Azərbaycan Demokratik Partiyası və Təbriz Araşdırma İnstitutunun birgə bəyanatında bildirilib: “Prezident Bayden Birinci Dünya Savaşı zamanı baş verənlərin 106-cı ildönümü münasibətilə etdiyi çıxışında “erməni soyqırımı” sözündən istifadə edib. Tarixi həqiqət budur ki, Birinci Dünya Savaşı çağında Anadoluda, Quzey və Güney Azərbaycanda yaşayan erməni azlığı, bəzi güclərin təhriki ilə Böyük Ermənistanın qurulması üçün ayağa qalxıb.

Ermənilər Quba, Bakı, İrəvan, Urmu, Xoy, Qars, Ərzurum və Maraşda çox sayda müsəlman türkünü qətlə yetiriblər. Buna görə də Azərbaycan la Anadolu türkləri özlərini qorumağa məcbur olublar. Təəssüf ki, o vaxt hər iki tərəfdən bir çox insan həyatını itirib. Nəticədə Osmanlı hökuməti savaş bölgələrində yaşayan erməniləri məcburi köçgün edib. Ancaq Anadolunun batı bölgələrində yaşayan erməni əhalisi məcburi köç siyasətinə şamil olmayıb. Əgər soyqırım siyasəti həyata keçirilsəydi, onda Batı Anadolu ermənilərinə də hücum edilməli idi.

Təəssüf ki, bu hekayənin sonu deyil. Bundan sonrakı onilliklərdə İrəvan və Qarabağ əyalətlərindən Azərbaycan türklərini qovma siyasəti tarixi İrəvan vilayətində bir nəfər də Azərbaycan türkü qalmayana qədər davam etdi. Bundan sonra ermənilər düşmənçilik siyasətlərini davam etdirdilər. Şurəvi Birliyinin dağılmasından sonra qırğın və talan yolu ilə bir milyon azərbaycanlını Qarabağ və qonşu yeddi bölgədən qovdular. Ermənilər Xocalı qətliamı kimi ağır cinayətlər törətdilər. Onlar Azərbaycan ordusu tərəfindən zorla çıxarılmayana qədər işğal etdikləri əraziləri boşaltmadılar.

Türkiyə və Azərbaycan hökumətləri, çoxtərəfli elmi qruplar bu mövzuda elmi və tərəfsiz araşdırmalar aparmaq üçün bütün arşivləri açmağa hazır olduqlarını dönələrlə bildiriblər. Ancaq erməni tərəfi həmişə bundan yayındı. Şübhəsiz ki, prezident Baydenin siyasi davranışı erməni lobbisi və Ermənistan hökumətinin işğalçı, təcavüzkar siyasətlərinin şiddətlənməsinə gətirib çıxaracaq. Türkiyənin Azərbaycanla birlik və qardaşlığına isə xələl gətirməyəcək. Prezident Bayden ədalət axtarır və soyqırımların təkrarlanmamasını istəyirsə, niyə yerli Qızıldərili amerikalıları soyqırımı edən ölkəsinin tarixi ilə üzləşmir?!

Ədalət istəyirsə, niyə sistematik şəkildə İranda mədəni soyqırıma və iqtisadi-siyasi müstəmləkəyə məruz qalan 35 milyonluq Azərbaycan türkünü görmür?! Fikrimizcə, məsələyə real, hərtərəfli və ədalətli baxışla baxmadan, birtərəfli, qərəzli və siyasi yanaşma içərisində olmaq problemin həllinə kömək etməyəcək. Bizcə, prezident Baydenin məsələyə yanaşması birtərəflidir və real deyil. Bəyannaməni imzalayan Güney Azərbaycan təşkilatları olaraq bu siyasi və qeyri-real münasibətlə bağlı narazılığımızı bildirir, qınayır və düzəldilməsi üçün çağırış edirik”.

 

 

Related Articles

Bir cavab yazın

Back to top button