AzərbaycanBölgəCəmiyyət

Hər iki Azərbaycanın ağsaqqalı – Cavad Heyət – FOTO – VİDEO

Azərbaycanlı cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını (koronar şuntlama) gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü, “Varlıq” jurnalının təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifi, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvü, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru Cavad Heyət, “İki Azərbaycanın ağsaqqalı”, “Çağımızın ağsaqqalı”, “Dövrümüzün Prometeyi”, “Bilgə dədə” ləqəbləri ilə tanınır.

Aznews.tv-nin verdiyi məlumata əsasən, Cavad Heyət 1925-ci il mayın 24-də Təbrizdə anadan olub. Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxslərdən hesab olunur. Həm Cənubi Azərbaycanda, həm də Şimali Azərbaycanda yüksək səviyyədə tanınır. Türkologiya, tibb elmi və digər sahələrdə əvəzedilməz xidmətləri olmuşdur.

Heyət ailəsi Azərbaycanın seçkin ailələrindən biri olmuşdur. Ailənin soyadı Mirzə Əli Heyətin məşrutiyyət inqilabının fərmanını Nəcəfdən Təbrizə və Tehrana aparan heyətin rəhbəri olduğu üçun “Heyət” adı ilə tanınmışdır. Cavad Heyətin atası Mirzə Əli Heyət və ondan əvvəlkilər Qacar şahzadələrinin müəllimləri və eyni zamanda onların güvəndikləri şəxslərdən olmuşdur. Pəhləvi hakimiyyəti zamanı isə bu nəsilə qarşı hakimiyyətin münasibəti bir qədər dəyişmişdir.

Mirzə Əli Heyət Məşrutə inqilabının iştirakçısı və İran ədliyyəsinin qurucularından olub. Anası isə Hacı Mirzə Məhəmməd Müctəhidi Təbrizinin qızı idi. Şərqin Nəcəf, Qahirə və İstanbul kimi elm və təhsil mərkəzlərində oxuyub araşdırmalar aparan atası Əli Heyət 30 il İran ədliyyəsində işləmiş, müəyyən dövrlərdə İranın Baş prokuroru seçilib, ədliyyə naziri olur. Birinci Dünya müharibəsi illərində (1918) Osmanlılarla birlikdə “İttihadi-islam” cəmiyyətini qurur və İran tərəfindən cəmiyyətin rəhbəri olaraq fəaliyyətə başlayır. 1919-cu ildə bu cəmiyyət naxçıvanlıları ermənilərin şiddətli basqınlarından qurtara bilir.

Cavad Heyət Mirzə Əli Heyətin 9 övladından biridir.

“Varlıq” dǝrgisinin imtiyazını özündǝn sonra Rza Heyətin adına keçmǝsini rǝsmi şǝkildǝ vǝsiyyǝt etmişdir.

Əmək fəaliyyətinə 1946-cı ildə İstanbul Universitetində başlayan Cavad Heyət 1949-cu ilədək burada cərrahlıq klinikasında çalışmış, daha sonra ixtisasını təkmilləşdirmək üçün Paris Universitetinin cərrahlıq kafedrasında işləmişdir.

O, 1952-ci ildə yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək İrana qayıtmış, 1953-cü ildən Tehranda Hidayət və Ədliyyə xəstəxanalarında cərrahlıq klinikaları quraraq onlara rəhbərlik etmişdir. Doktor Cavad Heyət İranda eksperimental cərrahiyyənin təməlini qoymuşdur. 1954-cü ildən etibarən ürək üzərində apardığı əməliyyatlar onu istedadlı cərrah kimi tanıtmışdır. Doktor Cavad Heyət 1954-cü ildə qapalı ürək əməliyyatı, 1962-ci ildə isə İranda ilk dəfə açıq ürək cərrahiyyəsini müvəffəqiyyətlə həyata keçirib. Bundan sonra o, İranda ilk dəfə ürək qapaqlarını dəyişdirmə, heyvanlarda ürək dəyişdirmə, Tehranda ilk dəfə insanda böyrək dəyişdirmə əməliyyatını uğurla həyata keçirdiyinə görə “Birinci Dərəcəli Əmək Ordeni” ilə təltif olunub. Tibb sahəsində qazandığı nailiyyətlər Cavad Heyətə geniş şöhrət gətirmişdir.

Doktor Cavad Heyət təbabətə dair qiymətli araşdırmaların müəllifi kimi də tanınırdı. Onun kitabları tibb sahəsində yazılmış dəyərli vəsait kimi mütəxəssislər tərəfindən daim yüksək qiymətləndirilmişdir. Bir sıra beynəlxalq elmi forumlar və toplantılarda öz təcrübəsinə əsaslanaraq dərin məzmunlu məruzələrlə çıxış etmiş alimin 100-dən artıq məqaləsi müxtəlif tibb jurnallarında işıq üzü görmüşdür. Cavad Heyət uzun müddət cərrahlığın tədrisi və cərrahların yeni nəslinin formalaşdırılması ilə məşğul olmuşdur.

Cavad Heyət bütün həyatını və fəaliyyətini əsasən cərrahlığa, həmin sahə üzrə araşdırmalara sərf edərək İranda nəzəri və eksperimental cərrahiyyənin əsasını qoymuş, elmi-nəzəri və əməli uğurlarına görə 1983-cü ildə Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü seçilmişdir. Bundan sonra 8 ildən artıq Tehranda Azad İslam Universitetinin cərrahiyyə kafedrasına rəhbərlik edib. Fars dilində cərrahlıqla bağlı üç cildlik dərslik kitabının müəllifidir.

Cavad Heyət dostu Prof. Dr. H. Nitqi ilə birlikdə İranda elmi türkologiyanın əsasını qoymuşdur.

Cavad Heyətin zəngin və çoxşaxəli səmərəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə də islamşünaslığa dair tədqiqatlar mühüm yer tutur. Bu əsərlərdə Azərbaycan dilinin inkişaf mərhələləri, şifahi xalq ədəbiyyatı, ədəbiyyatşünaslıq, folklor, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin ən müxtəlif məsələlərindən əhatəli bəhs olunur. Mədəniyyətin müxtəlif problemlərinin öyrənilməsinə münasibətdə tarixi həqiqətlərdən çıxış edərək obyektivlik nümayiş etdirən alimin ədəbi simpoziumlarda və türkoloji konfranslarda çıxışları həmişə təqdirlə qarşılanmışdır.

İkisi fars və beşi də türk dilində olan yeddi cildlik türkologiya kitabın müəllifidir.

Türkologiya sahəsində 300, tibb sahəsində isə 100 məqaləsi vardır.

İranda sonuncu inqilabdan sonra Azərbaycan türkcəsinin elmi tarixi ilə doktor Cavad Heyət və doktor Həmid Nitqi məşğul olurdular. C. Heyət fars dilində çap etdirdiyi “Türk dilinin tarixi və ləhcələri” əsərini Pəhləvi rejimi zamanı İran dilçilik elminin və hakim ideologiyanın Azərbaycan dilinin özünəməxsus müstəqil və zəngin bir dil olmasını inkar etməsinə cavab olaraq yazmışdır.

Məhəmməd Əmin Rəsulzadə əsrin əvvəllərində publisist Mais Əlizadənin təbirincə desək, “İran türkləri” terminini dünyanın siyasət müntəxəbatına daxil etmişdisə, əsrin sonunda doktor Cavad Heyət əsasən İranda yaşayan türklərin danışdığı ləhcələri tədqiq edən “Türk dili və ləhcələrinin tarixi” kitabını dünyanın türkologiya tarixinə daxil etmişdir.

Bundan əlavə, Cavad Heyət filologiya və türkologiya sahəsində “Azərbaycan ədəbiyyat tarixinə bir baxış”, “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Türk dili və ləhcələrinin tarixi”, “İki dilin müqayisəsi” kitablarının müəllifidir. Cavad Heyət atası Mirzə Əli Heyət və qardaşı Firuz Heyət ilə birlikdə 1956-cı ildə İran-Türkiyə Dostluq və Kültür Cəmiyyətini qurmuş, İranla Türkiyə arasında dostluq və mədəni əlaqələrini inkişaf etdirməyə çalışmışdır.

1993-cü ildə Türkiyənin Tehrandakı səfiri Qorxmaz Haqtanır ilə birlikdə Tehranda Türk Kültür Mərkəzini açmış və iranlı tələbələrin Türkiyədə təhsil almalarına yardım göstərmişdir.

“Varlıq” jurnalı (ərəb qrafikası ilə: وارلیق) — İranda 1979-cu ildən 3 ayda bir dəfə dərc edilən jurnaldır. Azərbaycan və fars dillərində çıxır.”Varlıq” İranda 1979-cu il islam inqilabından sonra, vətəndaşlara ana dilində jurnal nəşr etdirmək icazəsindən sonra yaradılmışdır. Jurnalın işıq üzü görməsində xüsusilə Cavad Heyətin böyük rolu olmuşdur.Professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Həsən Məcidzadə Savalan, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Səməd Sərdarniya, Qulamhüseyn Beqdeli jurnalın yaradılmasında və yaşamasında yaxından iştirak etmişdirlər. Cavad Heyət bütün ömrü boyu jurnalı şəxsi vəsaiti hesabına nəşr etdirib. Yazıların 80 %-i Azərbaycan dilində, 20 %-i isə fars dilindədir. Bütün İran cəmiyyətinə hesablanan məqalələr fars dilində verilir. Jurnalda Azərbaycanın müdafiəsi, Qarabağ problemi ilə bağlı məqalələr də yer alır. “Varlıq” jurnalı İranda tanınan və ciddi oxunan nəşrlərdəndir.

“Varlıq”da, xüsusilə məhz Cavad Heyətin özünün məqalələrində bütöv Azərbaycan xalqının milli dediyimiz həmin şüurunu qidalandıra biləcək mövzuların əksəriyyətinə toxunulmuşdur. Bu məqalələrdə doktor Cavad Heyət həm dilçi, həm də tarixçi kimi görünür. O, Azərbaycan dili, ədəbiyyat və tarixinə olan marağını belə açıqlayır:

“İstanbulda tibb tələbəsi ikən türk ədəbiyyatı və tarixi ilə maraqlandım. Türk tələbələri tarixlərini və milli ədəbiyyatlarını çox yaxşı bilirdilər. Bu, məndə qibtə hissi oyadırdı. Və tarixi və ədəbiyyat tarixlərini oxumağa başladım. . .İnqilabdan sonra ana dilimizdə kitab və mətbuat nəşr etmək azad olduğu üçün “Varlıq” dərgisini çıxartmaq şərəfi mənə qismət oldu. Əlbəttə, biz bu işi yazıçılar heyətimizi təşkil edən bir neçə qələmdaşımızla aparmışıq”.

20 yanvar faciəsi ilə bağlı Cavad Heyət “Varlıq” jurnalında yazırdı:

“Ölkənin namuslu xalqının uzun əsrlərdən baş alıb gələn milli-tarixi istəklərinə ədalət və məntiq ilə cavab vermək yerinə güllə və tankla cavab verildi…”

Həmçinin Cavad Heyət 12 il “Daneşe pezeşki” (“Tibbi bilik”) jurnalını nəşr etdirmişdir.  Jurnalda onun 70-ə yaxın elmi məqaləsi yayınlamışdır. 1976-cı ildə Məhəmməd Rza Pəhləvi səltənətinin 50-ci və İran şahlarının 2500 ildönümü ilə bağlı yazı yayınlamadığı səbəbindən jurnal SAVAK (İranın Təhlükəsizlik Orqanı) tərəfindən qapadılıb.

20 yanvar hadisəsi və Dağlıq Qarabağ münaqişəsi Cavad Heyətə çox pis təsir etmişdi. O özünə yer tapa bilmirdi.

1993-cü ildə Kəlbəcərin işğalından sonra Süleyman Dəmirələ məktub yazmış və yardım istəmişdir. Məktubun yazılma tarixçəsini Cavad Heyətin qardaşı oğlu Rza Heyət belə xatırlayır:

“Kǝlbǝcǝr ermǝnilǝr tǝrǝfindǝn işğal edildikdǝn sonra Cavad Heyǝt çox pǝrişan olmuşdu. İlk dǝfǝ onu belǝ görürdüm. Bir işlǝr görmǝk istǝyirdi, amma şǝrtlǝr ona izn vermirdi. Bir yandan Qarabağda ermǝnilǝrlǝ savaşa gedǝcǝk qǝdǝr gǝnclik duyğuları qabarmışdı, bir yandan da kövrǝlǝrǝk ağlayırdı. “Varlıq” dǝrgisi yazarlarını çağırmağımı istǝdi. Dǝfǝlǝrcǝ toplantı keçirildi. Öncǝ Qarabağa Yardım Komitǝsi quruldu vǝ pul toplanmağa başlandı. Sonra İranın o dövrdǝki prezidentinǝ bir çox insanın imzası ilǝ mǝktub yazdı vǝ ondan yardım toplanması üçün “Azǝrbaycan Hǝftǝsi” elan etmǝsini və könüllülǝrin Qarabağ savaşına qatılması üçün icazǝ verilmǝsini istǝdi. Hǝftǝlǝr keçdi, ancaq məktub cavabsız qaldı. Bu dǝfǝ Türkiyǝ sǝfirinin yanına getdi vǝ Türkiyǝ dövlǝtinin yardım etmǝsini tǝlǝb etdi. Sǝfir demişdi “mǝn o qǝdǝr yazmışam ki, mǝnǝ deyirlǝr sǝn İran sǝfirimizsǝn, yoxsa Azǝrbaycan? Ən yaxşısı siz özünüz Süleyman Dəmirəlǝ bir mǝktub yazın, mǝn dǝrhal çatdırım”.

Cavad Heyǝt o gecǝ sǝhǝrǝ qǝdǝr yatmayıb göz yaşları ilǝ tarixi bir mǝktub yazmışdı. Sabahısı tezdǝn redaksiyaya gǝlib yazdığı mǝktubu mǝnǝ oxudu. Hǝr sǝtirindǝ ağlayırdı, göz yaşlarını tuta bilmirdi. Mǝktubun bir neçǝ yerini dəyişdirmişdi, bir neçǝ yerini dǝ o gün dǝyişdirdi. Sonra dǝrginin yazarlarını toplantıya çağırdım. Onlara da ağlayaraq oxudu mǝktubu vǝ sonra sǝfirǝ çatdırdı.

Məktubdan bəzi hissələr:

“Mən bu sətirləri göz yaşlarımın qarşısını ala bilmədən yazıram və bu anda Allah-təaladan xalqımıza qurtuluş, ya da özümə ölüm istəyirəm…Məmləkətimizin başına gətirilən bu faciə böyük bir millət və ya güclü bir dövlət tərəfindən deyil, bütün tarix boyu himayəmiz altında dolanan və ədalətimiz sayəsində bütün insani haqlardan faydalanan ermənilər tərəfindən açılmışdır…Silahsız, ordusuz və əsarətdən yenicə çıxmış qardaşlarımızı yalqızmı buraxmalıyıq? Erməni-daşnak ordusunun onların yurdlarına həyasızcasına təcavüzünə, qadın və kişilərini, qoca və uşaqlarını acından öldürmələrinə tamaşaçımı qalacağıq? Bu, bizlərin şərəfinə, türklüyə və müsəlmanlığa, nəhayət, insanlığa yaraşarmı?…”

Məktubun bir nüsxəsi o dövrki İran İslam Respublikasının o dövrki XİN rəhbəri Əliəkbər Vilayətiyə də göndərilmişdi.

O, Azərbaycan, ingilis, fars, türk və s. dilləri mükəmməl bilirdi. Beş qızı, beş nəvəsi vardı.

Cavad Heyət Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvüdür.

Azərbaycan Yazıçılar Birliyinin M.F.Axundov adına mükafatına və “Dədə Qorqud” Assosiasiyasının təsis etdiyi “Məmməd Araz” mükafatına layiq görülüb.

Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru idi.

Cavad Heyət 2014-cü il avqustun 12-də səhər saatlarında Bakı şəhərində dünyasını dəyişmiş və avqustun 15-də İkinci Fəxri Xiyabanda torpağa tapşırılmışdır.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button