İran

Təbrizin Qaim Məqam imarətində əsaslı bərpa işlərinə ehtiyac var

Təbrizin Sırxab Məhəlləsi zəngin tarixi və mədəni irsi özündə toplayan abidələri ilə məşhurdur. Bu tikililər içərisində Qaim Məqam İmarəti memarlıq üslubu və özəlliyi ilə seçilir. Uzun illər ziyarətçilərə ev sahibliyi edən bu tarixi tikili son dövrlər baxımsızlıqdan yararsız vəziyyətə düşüb.
Bildirək ki, Qaim Məqam İmarəti Təbriz şəhəri 10-cu Bölgə Şəhrdarisinin mülkiyyətindədir. Abidə nəzarətsiz qaldığından ərazidə iş yerləri, idman salonları qanunsuz fəaliyyət göstərir, yaxınlıqda isə park salınıb. Bir müddət öncə Şərqi Azərbaycanın Fərhəngi Miras Baş İdarəsi Qaim Məqam İmarətində təmir işləri aparılıb. Ancaq bu proses də yarımçıq qalıb.
Təbrizli tarixçi, yazar, Təbriz Danişqahının tarix ustadı Sirus Bəradəran Şukuhi bildirib ki, imarət Azərbaycanın valisi və Milli Şura Məclisinin nümayəndəsi Yusif Xan Ədl Mükərrəm ül Mülkə məxsusdur. Bu şəxs Rza Şah çağında Milli Şura Məclisinin beş, altı və yeddinci dövrlərində Azərbaycan nümayəndəsi olub. İmarətin tikilişi Qacar sülaləsi Nəsirəddin Şah dövrünə – təxminən 1250-1255-ci hicri-qəməri illərinə təsadüf edir.
Doktor Sirus Bəradəran Şukuhinin sözlərinə görə, Qaim Məqam İmarəti Rza Şah çağında milli mədrəsə kimi fəaliyyət göstərib. Bundan sonra isə Şəhrdari İdarəsi mülkün bir qismətini varislərdən alaraq istirahət parkına çevirib.
Məsələ ilə bağlı Şərqi Azərbaycanın Fərhəngi Miras, Əl Sənayesi və Turizm Baş İdarəsinin fərhəngi miras işlər müavini Əlirza Qoçi də açıqlama verib. O bildirib ki, Təbrizin Qaim Məqam İmarətinin təmiri və ehyası üçün lazımi planlama aparılıb.
Təbriz şəhəri 10-cu Bölgə Şəhrdarisinin şəhrdarı Rəsul Vəzifəşünas imarətin alt qatının Fərhəngi Miras İdarəsi tərəfindən təmir edildiyini vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button