İran

İran rejiminin ikiüzlü siyasətinin məqsəd və nəticələri

İranda oxşar məsələlərlə bağlı fərqli davranışlar dövlətin bir kültürü halına gəlib. Özəlliklə 1357-ci ildə İslami İnqilabından sonra İranda bənzər məsələlərlə bağlı fərqli davranışların məsləhət adı altında həyata keçirildiyinin şahidi oluruq. Qısaca, İranda məsləhət ikiüzlü siyasətin başqa bir halına çevrilib. Dövlət ikiüzlü siyasətin millət tərəfindən qəbul edilməsi məqsədilə dini və məzhəbi duyğulardan faydalanır. Məsələyə din qarışdığı zaman isə ona hər anlamda etiraz etmək daha da çətinləşir. Vurğulayaq ki, İranda İslam Cümhuriyyəti adı altında şəriət sistemi hakimdir. Dini dəyər kəsb edən məsələyə etiraz etmək isə hakimiyyətin ağır basqısına məruz qalır. İran İslam hakimiyyəti qurulduğu andan etibarən bu məsələni dövlət siyasəti kimi mənimsəyib. Hətta bu davranış o qədər şöhrət qazanıb ki, ətraf ölkələrdə İranı ikiüzlü və dini mənada isə təqiyyə adı ilə tanıyırlar. Bu quruluş, əlbəttə, ən çox millətə ziyan vurur. Çünki rəhbərliyin fikrincə, ölkədə haqlı olan tərəf həmişə hakimiyyətdir. Hakimiyyətə qarşı çıxanlar isə həmişə basqılara məruz qalır. İran məqamları hər zaman özlərini xalqdan biri olaraq göstərməyə çalışırlar. Sadə, dəb-dəbədən uzaq bir həyat sürdüklərini iddia edirlər. Ancaq hamı bu məsələnin iddia edilənin tərsinə olduğunu anlayır. Məsələn, ölkə iqtisadının azı yüzdə 60-nın Əli Xameneiyə bağlı şəxslərin əlində olduğu bəllidir. Bu durumda İran rəsmilərinin fəsaddan uzaq olmaları ilə bağlı iddiaları öz təsdiqini tapmır. Son dönəmlərdə baş verən olaylar da İranın ikiüzlü siyasətini bir daha gözlər önünə sərdi. Belə ki, İranda ənənəvi olaraq hər ilin son dövlət iclası Tehranda prezident sarayının həyətində keçirilir. Bu il də ənənəyə sadiq qalındı. Prezident Həsən Ruhaninin çıxışı zamanı isə yağış yağmağa başladı. Nəticədə onlarla vəzir və toplantını qeydə alan jurnalistlər islandı. Ruhani və vəzirlərin dəqiqələrlə yağış altında qalıb islanması sosial mediada müzakirə mövzusuna çevrildi. Bir çox insan bu olayı İran hakimiyyətinin başarısızlığı kimi qəbul etdi. Müasir dövrdə hava durumunu belə təxmin edə bilməmələrini tənqid etdilər. Bir qrup insan isə Ruhaninin yağışın yağmasına rəğmən çıxışına davam etməsini, onlarla adamın islanmasını ikiüzlülük kültürü kimi qiymətləndirdilər. Çox güman ki, Həsən Ruhani yağış altında çıxış etməkdən imtina edərsə, millətin gözündə zəif biri kimi görünəcəyindən çəkinib. Bu görüntülər İran məsullarının bənzər işlərinin də sosial mediada paylaşılmasına yol açdı. Məsələn, Türkmənsahrada daşqınlar baş verdiyi zaman İran məqamları həmin bölgədə şəkil çəkdirmişdilər. Bu addımla millətin dərdinə yandıqlarını göstərmək istəyirdilər. Millət həftələrlə sel fəlakəti ilə bağlı çarəsiz durumda qaldı. İran məqamları isə sadəcə şəkil çədirməklə kifayətləndilər. İranda məhrumluq və yoxsulluq simgəsi olan Sistan və Bəluçistan bölgəsində də eyni faktlar qeydə alındı. Demək olar bütün siyasi məqamlar Bəluçistana gedib orada bir neçə şəkil çəkdirir və heç vaxt yerinə yetirməyəcəkləri vədlər verirlər. Ötən həftələrdə Bəluçistanda zülmə üsyan edən millət haqqında həmin məqamlar heç bir müsbət addım atmadılar. Güney Azərbaycanda zəlzələ baş verən zaman da Tehrandan bir çox siyasi məqam buraya gəldi. Millətin dağıntıya məruz qalan evlərində şəkil çəkdirdilər və yenə də vədlər verdilər. İllər keçməsinə baxmayaraq, zəlzələdən zərə çəkən insanlar üçün heç bir iş görülmədi.

Related Articles

Bir cavab yazın

Back to top button