İran

İranın Baydenin açıqlamalarına münasibəti

Donald Trampın hakimiyyətdən getməsi İran üçün önəmli olaylardan biri kimi yadda qaldı. Çünki İslam Cümhuriyyəti tarixinin ən çətin günlərini Trampın 4 illik prezidentlik dönəmində yaşadı. Belə ki, Tramp Barak Obamanın Amerikaya rəhbərlik etdiyi dönəmdə imzalanan BƏRCAM anlaşmasından çıxdığını elan etdi. Ancaq Baydenin hakimiyyətə gəlməsi İran dövlətini durumun düzələcəyi barədə ümidləndirdi. Yeni Amerika liderinin Tehranla danışıqlarla bağlı bir sıra açıqlamaları oldu. İranın bu addımla bağlı necə hərəkət edəcəyi və verilən fürsəti hansı yöndə dəyərləndirəcəyini isə zaman göstərəcək. Bildirək ki, Əli Xamenei Bayden dövləti ilə müzakirələrə təhrimlərin qaldırılması şərtilə başlayacağını bildirdi. Elecə də tamamilə mühafizəkarların əlində olan İran Məclisi ölkənin könüllü uyduğu Əlavə Protokollardan çıxmasına qərar verdi. Bununla yanaşı Beynəlxalq Atom enerjisi Ajansının nəzarətçilərinin ölkədən çıxarılması barədə qərar qəbul edildi. Hətta Məhəmməd Cavad Zərif təhrimlərə görə Amerikadan min milyard dollarlıq təzminat tələb etdi. Radikallar isə təhrimlərin tamamilə ləğv edilməsi istəyi ilə çıxış etdilər. Ötən günlərdə Beynəlxalq Atom enerjsi Ajansının rəisi Rafael Qrossinin Tehran səfəri durumları bir qədər dəyişdi. Belə ki, məclisin aldığı qərarın əksinə ajans nəzarətçilərinin İrandakı fəaliyyətlərinə daha 3 ay icazə verilildi. İranın Xarici işlər vəzirliyi bunu diplomatik qazanc adlandırdı. Bu məsələyə məclisdən etiraz gecikmədi. Amma İranda bu kimi həssas mövzularda sadəcə Xameneinin istəyinin gerçəkləşdirildiyi aydın məsələdir. Beləliklə, İran neçə gün əvvəlki kəskin açıqlamalardan sonra Qərblə müzakirə masasına oturmağa hazır olduğunu sübuta yetirdi. Xatırladaq ki, bir müddət öncə Amerika bölgədə tutuqlanan girovlarla ilgili İranla müzakirələrə başladığını açıqlayıb. İran hakimiyyəti bu məsələdə açıq bir bilgi verməsə də, irəli sürülən bütün iddiaları təkzib edib. Buradan belə qənaətə gəlmək olar ki, Əli Xameneinin “Amerika ilə müzakirələrə başlamacağıq” fikri yalnız formal yön aldı. Yəni, bir növ İran Amerika ilə bu məsələ ərtafında fikir mübadiləsi aparmaq məcburiyyətində qaldı. Bundan başqa, radikal fars milliyyətçisi Seyid Cavad Təbatəbayinin qızı Ariyən Təbatəbayinin Amerikanın Dövlət Dəftərində baş məsləhətçi kimi vəzifəyə təyinatı müzakirələrə səbəb olub. Hətta Amerikanın fars milliyyətçiliyinə meydan açdığı da bildirilir. Amerikanın bu addımını dolayısı ilə fars milliyyətçiliyini tanıması kimi dəyərləndirmək mümkündür. Yəni, Co Baydenin fəaliyyətə başlaması ilə fars milliyyətçiliyinin müvafiqinə addım atmasının planlı şəkildə həyata keçirildiyini söyləmək olar. Sözsüz ki, fars milliyyətçiliyi heç bir dəstək olmadıqda İranda ciddi rola sahib ola bilməz. Ancaq Qərb ölkələrinin, eləcə də Amerikanın İranın müvafiqinə hesablamış olduğu bu addımlar təbii ki, qarşılıqsız ola bilməz. Uzun və ciddi danışıqların isə İranda keçirilən prezident seçkilərindən sonra daha geniş hal alacağı heç şübhə doğurmur. Anlaşılan, Qərbin atacağı addım İranda prezident seçkilərinin nəticələrindən asılıdır. Millətin hakimiyyətdən üz çevirdiyi bir müddətdə prezident seçkilərinin nəticələri vəziyyətin fərqli yönə dəyişməsinə imkan yarada bilər. Bütün bunlar hazırda İranda həssas bir dönəmin hökm sürdüyünü deməyə əsas verir.

 

Related Articles

Bir cavab yazın

Back to top button