Azərbaycan

Oqtay Qasımov: “Güney Azərbaycanda repressiyaların artacağı gözlənilən idi”

Son vaxtlar İran rejimi Güney Azərbaycanda repressiyaları gücləndirib. Bu proses Azərbaycanın Qarabağda Ermənistan işğalına qarşı apardığı Vətən Müharibəsindən sonra daha da genişlənib. Molla rejimi Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan üzərində 44 günlük savaşda qələbə qazanmasından sonra xüsusilə əndişəyə düşüb. Rejim bütün gücü ilə Güney Azərbaycan Milli Hərəkatının fəallarını şərləyib tutdurmağa, milli müqavimət mərkəzlərini dağıtmağa çalışır.

Panfarsist dairələr türk dilinə qarşı açıq çağırışlar edir, Güney Azərbaycan türklərinin asimilyasiya siyasətini davam etdirir. Fars şovinistləri hətta sosial şəbəkələrdə türkçə yazılan mətnlərdən də narahtlıq keçirməyə başlayıb. Mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi, “Elçibəy İnstitutu” İctimai Birliyinin rəhbəri, politoloq Oqtay Qasımov açıqlamasında deyib ki, Güney Azərbaycanda repressiyaların artacağı gözlənilən idi. “Əvvəla neçə ildir Güney Azərbaycan türklərinin milli şüurunda xeyli dəyişiklik baş verib. Milli haqlar uğrunda mübarizə aparan şəxslər və təşkilatların sayı artıb. Güneyin problemlərinin bir qismi artıq İran parlamenti kürsüsündən səsləndirilir. Bu həm Azərbaycan dilində təhsil, həm Urmiya gölünün qurumasının qarşısının alınması və başqa məsələlərə aiddir. Güneydəki soydaşlarımız yalnız İrandakı problemlərinə yox, həm də Quzey Azərbaycanla bağlı məsələlərdə də kifayət qədər həssaslıq nümayiş etdirirlər. Bunun bir nümunəsi olaraq İranın Ermənistanla əlaqələrinə etirazlarda, Təbrizin “Tiraxtur” futbol klubunun oyunları zamanı səsləndirilən şüarlarda şahidi oluruq. Ermənistanın Baş vəziri Nikol Paşinyanın İrana səfərinə Güneydəki soydaşlarımızın etirazları da bu sıradandır. Əsas həssasiyyəti isə 44 günlük Vətən müharibəsində gördük. Oradakı soydaşlarımızın Rusiyadan Ermənistana göndərilən silahlar və hərbi texnikaların İran ərazisindən daşınmasına etirazların miqyası rejimi geri çəkilməyə vadar etdi. Bununla bərabər savaşı getdiyi ərazilərin yaxınında yaşayan güneylilərin ordumuzun uğurlarına necə sevindiyinin şahidi olduq. Onlar Qarabağ məsələsinə öz problemləri kimi baxdıqlarını hər kəsə açıq nümayiş etdirdilər. Bütün bunlar İrandakı rejimin şovinist qanadı tərəfindən qəzəblə qarşılanır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda söylədiyi şeirdən isterikaya düşən həmin qüvvələr verdikləri reaksiya ilə mahiyyətlərini bir daha ortaya qoydular. Bütün bunlar rejimi narahat etdiyindən repressiyalara əl atır”,-deyə politoloq bildirib. Oqtay Qasımov hesab edir ki, İranda türklərinin asimilyasiyası məsələsi yeni deyil, daha öncələrdən başlanıb. “Assimilyasiya məsələsinə gəldikdə bu, yeni deyil. Bu proses rəsmi şəkildə 1925-ci ildə Pəhləvilər çevrilişlə hakimiyyəti ələ keçirdikləri vaxtdan başlayıb. Amma nəzərə almaq lazımdır ki, 35-40 milyonluq bir toplumu tamamilə ondan daha azsaylı toplumun assimilyasiya etməsi imkansızdır. Güney Azərbaycan türklərinin məsələsi Seyid Cəfər Pişəvəri dövründə beynəlxalq müstəviyə çıxıb və Birləşmiş Millətlər Təşkilatının gündəliyinə belə salınıb. Sonrakı dövrlərdə məsələ arxa plana keçsə də, artıq son illər bəzi platformalarda məsələ gündəmə gəlməkdədir. Keçən ilin sentyabrında Amerikada İrandakı xalqlarla bağlı keçirilən tədbirdə Güney Azərbaycanı təmsil edən təşkilatlar da iştirak etdilər. Məsələnin beynəlxalq müstəviyə çıxması İran daxilində türklərin maraqlarının ifadəçisi olacaq siyasi təşkilatlarının sistemli mübarizəsindən və İranla bağlı beynəlxalq miqyaslı proseslər və geopolitik dəyişikliklərdən asılıdır. Bu şərtlər uyğun olduqda bu mümkün olacaq”,-deyə o, qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button