Dünya

PUTİNİN ULTİMATİV XARAKTERLİ ŞƏRTLƏRİ… – “Bu, rus nasizminin yeni dalğasıdır”

"Hitler də deyirdi ki, Çexoslovakiyanın bir hissəsini verin və hər şey burada bitəcək".

bunu Ukrayna Prezidenti Volodimir Zelenski Vladimir Putinin son “sülh təklifi”ni İtaliya telekanalına şərh edərkən deyib.

Zelenski xatırladıb ki, Hitler də əvvəlcə Çexoslovakiyanı istəsə də, sonra Polşanı, daha sonra bütün Avropanı işğal etdi. Onun fikrincə, Putinin təklifi “tarixi yalan”ın müasir şəraitdə təkrarlanması cəhdidir.

O, qeyd edib ki, Putin öz bəyanatında Ukraynadan təkcə artıq işğal olunmuş ərazilərdən deyil, Kiyevin nəzarətində qalan ərazilərdən də imtina etməsini tələb edib. Baxmayaraq ki, əvvəllər yalnız Krımı və Donbası istəyirdi. Zelenskinin sözlərinə görə, Putinin bu çıxışı “rus nasizminin yeni dalğasıdır”.

 

 

 

O, Putinin atəşkəs tələbləri yerinə yetirilsə belə, Rusiyanın işğalı dayandırmayacağını bildirib: “Putinin atəşkəs təklifi ultimatumdur və ona etibar etmək olmaz. Bunlar keçmişin mesajlarından heç bir fərqi olmayan ultimatum mesajlarıdır, ona görə də bu mesajlara etibar etməməlisiniz”.

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu isə Putinin “sülh təklifi”ni bu cür şərh edib: “Rusiya rəhbərliyi danışıqlarda maraqlı oluğunun imitasiyasını yaradır, amma əslində Qərbi Ukraynanın ərazi bütövlüyü və suverenliyi məsələsində güzəştə getməyə inandırmaq istəyir. Putin və Kreml 2023-cü ilin dekabrından Ukraynaya qarşı ekspansionist ritorikasını nəzərəçarpacaq dərəcədə gücləndirib. Göstərir ki, Rusiya Ukraynada daha çox ərazi zəbt etmək, Ukrayna dövlətçiliyini və kimliyini tamamilə məhv etmək istəyir”.

Xatırladaq ki, Putin Rusiya XİN rəhbərliyilə görüşündə səsləndirdiyi “yeni sülh təklifi”ndə sadəcə, danışıqlara başlamaq üçün(!) Ukrayna qoşunlarının bu ölkənin suveren ərazisi olan Luqansk, Donetsk, Zaporojye xə Xerson ərazilərindən tamamilə çıxarılmasını, yəni, bu vilayətlərin inzibati sərhədlərinə qədər çəkilməsini, həmin ərazilərin beynəlxalq sənədlərlə Rusiya ərazisi kimi tanınmasını tələb edib. Eləcə də Ukraynanın NATO-ya daxil olmaqdan rəsmən imtina etməsini və sanksiyaların Rusiyanın üzərindən götürülməsini istəyib. Üstəgəl, növbəti dəfə mücərrəd “denasifikasiya” və “demilitarizasiya”dan danışıb.

 

 

 

Bir daha qeyd edək ki, burada söhbət yalnız danışıqlara başlamaq şərtlərindən gedir. Yəni, bütün bunları Ukrayna tərəfi etsə, Kreml atəşi dayandıra və danışıqlara başlaya bilər. Hələ həmin danışıqlarda əlavə olaraq daha hansı şərtlərin irəli sürüləcəyi məsələsi də açıq qalır…

Siyasi ekspertlərin fikrincə, Putinin bu cür qeyri-adekvat, qeyri-real “sülh təklifi” bir tərəfdən onun reallıq hissini, məntiqini itirməsini göstərirsə, digər yandan da onunla danışmağın, razılaşmağın mümkün olmadığını sübut edir. Bir də cavabı açıq qalan sual odur ki, Putinin özü bu təkliflərin reallığına və ciddi qəbul olunacağına inanırmı, yoxsa bu, müharibəni uzatmaq üçün ortaya atılan növbəti mənasız ultimatumlardır?

Digər yandan, bir çox ekspertlər Putinin birdən-birə bu cür təkliflərlə çıxış etməsini və bunu “real təkliflər” adlandırmasını onun “siyasi çapalaması” kimi qiymətləndirirlər. Onlar hesab edirlər ki, Qərbin Rusiyaya qarşı real kəskin addımlar atmağa başlaması, Ukarynanı hərbi və maliyyə baxımından gücləndirməsi Kremlin vəziyyətini pisləşdirib. Putin də ən azından vaxt udmaq üçün atəşkəs istəmək məcburiyətində qalıb. Ancaq reallıq hissindən uzaq olması onun daha adekvat təkliflərlə çıxış etməsinə imkan verməyib…

Onun bu “sülh şərtləri” eyni zamanda, Rusiya ilə danışıqlara başlamağı və bunun üçün öz planını təklif edən Çini, eləcə də “qlobal Cənub” kimi tanınan dövlətləri, BMT rəhbərliyini, Roma Papasını və digər vasitəçiliyə iddialı olanları olduqca pis vəziyyətdə qoyur. Məlum olduğu kimi, Çinin planında dərhal müharibənin dayandırılması və ərazi bütövlüyünün qorunması prinsipi əsas maddələrdən biri kimi önə çəkilir. Ən azından ona görə ki, Çinin özünün də Tayvan problemi var. Putin isə öz “təklifi” ilə həm Çinin təşəbbüsünə, həm də beynəlxalq hüquqa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə tüpürmüş oldu.

Putinin bu “təklifi” yenidən ABŞ Prezidenti seçiləcəyi təqdirdə, 24 saata Ukraynada müharibəni dayandıracağına, Putinlə anlaşacağına dair absurd vədlər verən Donald Trampa da tərs bir şillə oldu. Bu şərtlərin qarşısında Tramp, yaxud başqa birisi Putinlə necə anlaşa bilər?

 

 

 

O, faktiki olaraq, zəbt etdiyindən də daha böyük ərazinin ona təhvil verilməsini, sadəcə, danışıqlara başlamaq üçün şərt olaraq irəli sürür. Üstəgəl, Ukraynaya NATO və ölkənin gələcəyinə dair digər məsələlərlə də bağlı göstərişlər verir. Yəni, Tramp bu cür ultimativ xarakterli şərtlərlə razılaşmaya gedəcək qədər alçalmağa razı olarmı?

O da maraqlıdır ki, qan tökülməsini dayandırmağı, Ukraynanı sərt mövqedən çəkinməyi, onun müəyyən güzəştlər xatirinə də olsa Rusiya ilə eyni masa arxasında oturub, sülhə razılaşmasını istəyən, tez-tez sülh çağırışları edən Qriqori Yavlinski kimi Rusiyanın daxili liberal siyasi qüvvələri bundan sonra nə deyəcək? Hansı üzlə Ukraynadan nəyisə xahiş edəcəklər?

Əslində, Putinin bütün bu absurd şərtlərinin içərisində ən maraqlılarından biri onun Rusiya üzərindən sanksiyaların götürülməsi tələbidir. Hansı ki, gecə-gündüz Rusiya təbliğatı sanksiyaların bu ölkəyə heç bir təsir göstərmədiyini, əksinə, iqtisadiyyatın, daxili istehsalın və s. inkişafına xidmət etdiyini bar-bar bağırır. Dmitri Medvedev və onunla eyni ağılda olanlar isə özlərindən olsa, həmin sanksiyaları ələ salırlar. Əgər doğrudan da belədirsə, Putin onların ləğv edilməsini nədən əsas şərtlərdən biri kimi irəli sürür?

Bütün bunlar bir daha Rusiyadakı mövcud rejimin irtica və işğal maşınına çevrildiyini sübut edir. Onun narahatlığı, “çapalamağa başlaması” isə sübut edir ki, bu maşının ətrafa saçdığı zülmün, ədalətsizliyin, irticanın ömrünə elə də çox qalmayıb…

Related Articles

Bir cavab yazın

Back to top button