Dünya

Qərb riyakarlığının müasir təzahürü – Ukrayna qurban verilir

Bu günlərdə ABŞ prezidenti Co Bayden Ukrayna və İsrailə yardımı nəzərdə tutmayan müvəqqəti xərclər haqqında qanun layihəsinə imza atıb. Ağ Evin mətbuat xidməti bildirir ki, bu qanun 2024-cü il yanvarın 19-dək bir sıra dövlət proqramlarının, o cümlədən kənd təsərrüfatı, energetika, hərbi tikinti, nəqliyyat və mənzil tikintisi üçün davamlı maliyyələşdirməni nəzərdə tutur.

Hazırda mövcud vəziyyət İsraildən çox Ukraynaya ciddi təsir edir. Görünən budur ki, ABŞ və Avropa Ukraynanı yarı yolda qoyur. Necə ki, bu ssenarini onlar Gürcüstanda da tətbiq etmişdilər. Elə ABŞ-ın məşhur “Foreign Affairs” jurnalı da Qərbin Ukraynaya münasibətinin Rusiyanın öz məqsədinə daha tez çatmasına şərait yaratdığını yazır: “Həm ABŞ-da, həm də Avropada Ukraynaya hərbi və iqtisadi dəstək sahəsində siyasi iradə azalmağa başlayıb. Bu hallar Ukraynanın və onun tərəfdaşlarının həyata keçirdiyi hazırkı strategiyanın hərtərəfli yenidən qiymətləndirilməsinin zəruriliyini diqtə edir”. Qeyd edilir ki, indi Qərbin yanaşmasına əsasən, Ukrayna üçün Rusiyanı məğlub etməyin mümkünsüzlüyü ilə barışmaq və aktiv hərbi əməliyyatları dondurmaq lazımdır: “Atəşkəs insanların həyatını xilas edəcək, iqtisadiyyatın bərpasına başlamağa imkan verəcək, Ukraynaya daxil olan Qərb silahlarını döyüş meydanında tez xərcləməkdənsə, onları Ukraynanın uzunmüddətli təhlükəsizliyinə sərmayə qoymağa imkan yaradacaq. Atəşkəsin dəqiq şərtləri – vaxt, təmas xəttinin dəqiq yeri, silah və qüvvələrin çıxarılması prosedurları, monitorinq və icra müddəaları geniş beynəlxalq nəzarət altında, BMT-nin yaxud da Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatınln himayəsi altında işlənilib hazırlanmalıdır”.  Qeyd olunub ki, ABŞ Ukrayna və onun avropalı tərəfdaşları ilə atəşkəsə əsaslanan strategiya üçün məsləhətləşmələrə başlamalıdır. Belə ki, Ukraynanın yüksək səviyyədə əks-hücum etməsinə baxmayaraq, Rusiya faktiki olaraq 2023-cü ildə Ukraynadan daha çox ərazi əldə edib: “Kiyev və onun tərəfdarları üçün dalana aparan və tezliklə Qərbin Ukraynaya dəstəyinin kəskin azalmasına gətirib çıxara biləcək kursu davam etdirməkdənsə, məqsəd və vasitələri tarazlaşdıracaq yeni strategiya qəbul etmək daha üstündür. Vaşinqton Ukrayna və Qərb müttəfiqlərlə Kiyevi hücumdan müdafiə strategiyasına keçməklə atəşkəs təklif etməyə inandırmaq məqsədilə məsləhətləşmələrin başlanmasına rəhbərlik etməlidir”. Vurğulanıb ki, Qərb tərəfdarları arasında Ukrayna ilə bağlı yorğunluq onların Kiyevi dəstəkləməyə davam etmək istəyinə təsir göstərməyə başlayır. Birləşmiş Ştatlar Qərbin Ukraynaya yardımında mərkəzi rol oynamağa davam edir, lakin Respublikaçılar Partiyası daxilində əhəmiyyətli miqdarda əlavə yardımın göstərilməsinə qarşı artan müxalifət var ki, bu da Bayden administrasiyasının yeni vəsait tələblərinə indiyədək mane olub: “Tamamilə mümkündür ki, ABŞ-da 2024-cü il prezident seçkilərindən sonra qarşılıqlı formada razılaşdırılmış atəşkəs və sonrakı ərazi danışıqları üçün perspektivlər nəzərəçarpacaq dərəcədə yaxşılaşacaq. Əgər qalib gələn tərəf davamlı transatlantik həmrəyliyə və Ukraynanın təhlükəsizliyini və suverenliyini təmin etmək üçün gələcək səylərə sadiq olacaqsa, o zaman Putinin vaxtın Rusiyanın xeyrinə işləməsinə inanmağa heç bir əsası olmayacaq. Ancaq hələ ABŞ-dəki seçkilərə tam bir il var və onlar elə bir nəticəyə gətirib çıxara bilər ki, Ukrayna məğlub duruma düşər. Nə Vaşinqton, nə də Kiyev belə bir risqə getməlidir. ABŞ siyasi-hərbi reallıqları əks etdirən yeni strategiyaya keçid üçün indi Ukrayna ilə işləməlidir. Fərqli davranmaq – Ukraynanın gələcəyi ilə ağılsız risq etmək demək olacaq”.

Bununla yanaşı qeyd olunur ki, ABŞ-ın Ukraynaya dəstəyindəki dalğalanmalar, eyni zamanda Avropa İttifaqı üzvlərindən biri olan Slovakiyanın artıq Kiyevə hərbi yardımı dayandırmaq qərarına gəlməsi Avropada dalğalanmaları artıracaq: “Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu və onun ardınca Qəzzada baş verən münaqişə də dünyanın diqqətini cəlb edərək, Ukraynadakı müharibəni arxa plana keçirdi. Söhbət təkcə Vaşinqtonun diqqətini yayındırmasında deyil: ABŞ ordusunun yalnız məhdud resursları var, ölkənin müdafiə sənayesi bazası isə həddindən artıq məhdud istehsal gücünə malikdir. ABŞ qaynar müharibəyə cəlb edilən iki tərəfdaşı dəstəkləmək üçün mübarizə aparır”. Bildirilib ki, Ukraynanın yaşaması uğrunda mübarizə kimi başlayan qarşıdurma artıq seçim müharibəsinə çevrilib: “Ukrayna zamanla Qərb dəstəyini itirmək risqi ilə üzləşən ölkədir. Kiyev hələ də Rusiyanın nəzarətində olan əraziləri geri almaq üçün ölkənin gələcəyini risqə atmaqdansa, digər torpaqların əksər hissəsində firavan və təhlükəsiz demokratiyaya nail olunmasını təmin etməlidir. ABŞ siyasi-hərbi reallıqları əks etdirən yeni strategiyaya keçid üçün indi Ukrayna ilə işləməlidir”. Bütün bunlar bir daha təsdiq edir ki, Qərb, ABŞ başda olmaqla, Ukraynanı əvvəlki kimi dəstəkləmək niyyətində deyil. Görünən odur ki, Rusiyanın gücü qarşısında dalana dirənən Ukrayna yox, elə Qərb özüdür. Həmin Qərb əvvəl Ukrayna vasitəsilə Rusiyanı zəiflətməyə çalışsa da, indi Ukraynanı atəşkəsə səsləyirlər. ABŞ-ın və Qərbin bu davranışı riyakarlığın başqa bir nümunəsi, Ukraynaya xəyanətdir. Qərbin, xüsusən də ABŞ-ın Koreya modeli əsasında Ukraynanın bölünməsi planları da var. Başqa bir məqam isə odur ki, bölünmə prosesindən sonra Ukraynanın bir hissəsinə Polşanın iddiası olacağına dair fikirlər səslənir. Ukraynanın qərb ərazilərinin Polşaya qatılması üzərində müəyyən müzakirələr də aparılır. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Qərb rəsmi Kiyevi çətin, çıxılmaz vəziyyətə salıb. Bu da Qərbə etibarın ağır bədəli hesab olunur.

Related Articles

Bir cavab yazın

Back to top button