Azərbaycan

Qanuni tələbləri yerinə yetirilməyən Süngün mis mədəninin işçiləri bəyanat yayıb

Şərqi Azərbaycan əyalətinin Vərziğan şəhərinin Süngün mis mədəninin işçiləri bəyanat yayaraq qanuni istəklərinin yerinə yetirilmədiyini bildiriblər.

“Sungun mis mədəninin işçilərinin qanuni tələblərinin təsdiqlənməsinin üstündən altı ay keçməsinə baxmayaraq, əmək haqqı və müavinətlərdə hələ də artım yoxdur. Əyalət və mədən məsulları aylıq və həftəlik vədlər verməkdə davam edir”-deyə, işçilərin bəyanatında qeyd olunub.

Azərbaycanlı işçilər bunu podratçı şirkətlərin onların durumuna laqeydlikləri, mümkün qədər az əmək haqqı qarşılığında daha çox qazanc götürmək istəkləri ilə yanaşı təhlükəsizlik qurumlarınında rol oynadığını düşünürlər.

Onların yazdığına görə, son illər ölkədə baş verən geniş etiraz aksiyaları, Süngün mis mədəni işçlərinin dəfələrlə aksiyalar keçirməsi təhlükəsizlik qurumlarını narahat edib.

“Etiraz aksiyalarının davamlı olacağı, ölkənin bütün bölgələrinə yayılacağı və qarşısı alınmaz mitinqlərə çevriləcəyi ilə bağlı narahatlıqlar dövlət qurumlarını Süngün mis mədəni işçilərinin səslərini batırmağa əsas verib”-deyə, bəyanatda bildirilir.

Qeyd edək ki, Vərziğanın Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir.

Bundan əvvəl Süngün Mis Kompleksinin müdiri Rza Şərifi İranda istehsal olunan misin 40 faizinin Süngün mis mədəninə aid olduğunu bildirmişdi.

Süngün Mis Mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman əyalətinə daşınır. Mədəni çalışdıran şirkətin bank hesabları və nəticə etibarı ilə pul dövriyyəsi də Kirman və Tehran əyalətlərindədir.

Bu şəkildə zəngin mis mədənindən əldə olunan gəlir yerli olmayan şirkət və fars bölgələrinin əhalisinə nəsib olur.

Bu məsələ yerli əhali ilə yanaşı, vaxtaşırı azərbaycanlı millət vəkillərinin də etirazına səbəb olur.

Related Articles

Bir cavab yazın

Back to top button