
Bir neçə gün bundan öncə qaşqa türkü olan gənc xanımın milli geyimdə olduğuna görə, Şiraz şəhərinin “Narincistan” parkından qovulması qaşqayların geniş etirazları ilə qarşılandı.
Sosial mediada bu hərəkətə qarşı geniş etiraz kampaniyasının başladığından sonra Şiraz Universitetinin məsulları parkdan zorla çıxarılan “Hadinəjad” soyadlı qaşqay qızını dəvət edib və ondan üzr istəyiblər.
“Ocaq-i tayefeyi Qaraca” adlı qaşqay qurumu məsələ ilə bağlı məlumat yayaraq Şiraz Universitetinin nümayəndələrinin gənc qaşqay xanımdan və paylaşım edərək bu hadisəyə görə Şirazda yaşayan bütün qaşqaylardan üzr istədiklərini bildirib.
Qeyd edək ki, bir neçə gün bundan öncə Şirazın “Narincistan” parkına qaşqay geyimində gedən gənc qızın keşikçilər tərəfindən oradan uzaqlaşdırıldığı barədə xəbər qaşqay və Güney Azərbaycan türklərinin etirazlarına səbəb olmuş, sosial mediada bu hərəkətə qarşı kampaniya başladılmışdır.
İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars, Xuzistan və Buşehr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.
Saylarının ortalama 3 milyon olduğu bildirilən qaşqayların bir qismi yüksək dağlıq ərazilərdə yaşayırlar və daha çox maldarlıq və toxuculuqla məşğul olurlar.









