AzərbaycanDünya

“Rusiya tərəfi Azərbaycandakı yer adlarına hörmətlə yanaşmalıdır”-Baş redaktor

“Rusiya tərəfi bunu nəzərə almalı, Azərbaycandakı yer adlarına hörmətlə yanaşmalıdır”.

Bu fikirləri Azərbaycan tərəfinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Rusiya Müdafiə Nazirliyinin məlumatlarında “Dağlıq Qarabağ”, “Martuni” ifadələrinin işlədilməsi haqda danışan “Cümhuriyət” qəzetinin baş redaktoru və Cebhe.info xəbər portalının direktoru Rəfail Becanov deyib.

O bildirib ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünə, yer adlarına hörmətlə yanaşmağa borcludur.

“Ötən əsrin 90-cı illərində Qarabağın işğalı zamanı da Ermənistanın əsas havadarı, onu silah-sursatla təmin edən Rusiya olub. Azərbaycan torpaqlarının işğal edilməsində rus hərbçilərinin iştirakı faktdır. Rus əsgərləri erməni könüllüləri adı altında bizim torpaqlarımızın işğalında iştirak edib.

Xocalıda törədilən qətliamı ermənilər və rus əsgərləri birgə törədiblər. Ona görə də Rusiyanın Azərbaycana münasibətindən danışarkən bu nüansları nəzərə almaq lazımdır.

Rusiyanın mövqeyi dəyişməyib. Sadəcə dünyada baş verən proseslər Rusiyanı Azərbaycana qarşı münasibətlərində müəyyən redaktələrə məcbur edir. Tarixdən Rusiyanın ermənilərin qəyyumu olduğu məlumdur.

Bu tarixi faktı unutmamaqla biz Rusiyanın Ermənistana və Azərbaycana münasibətini analiz etməli, ona, əsasən də, gözləntilərimizi söyləməli, fikirlər bildirməliyik.

Bütün etirazlara rəğmən, Rusiyada Azərbaycan ərazilərinin rəsmi adlarının təhrif edilməsi ərazi bütövlüyümüzə qarşı hörmətsizlikdir. Azərbaycanda “Dağlıq Qarabağ” ifadəsi yoxdur. Ərazinin rəsmi adı Qarabağ iqtisadi rayonudur. Ona görə də o ərazilər rəsmi adları ilə yazılmalıdır.

Təəssüf ki, Rusiyanın hakimiyyət və media sektorunda elementar hüquqa belə sayğı duyulmur.

Rusiyada yer adlarımızın təhrifi qəsdən edilir. Bununla həm Ermənistana qəyyumluq mesajı verilir, həm də altyapıda o ərazilərə iddia etməkdə ermənilərə dəstəkləri nümayiş olunur. Rusiya hakimiyyətinin müəyyən eşalonunda və media sektorunda ermənilərin təsir gücü böyükdür.

Ermənilərin təsiri altında olan bu dairələrdə Azərbaycana münasibət çox sərtdir və bu mövqe heç zaman dəyişmir. Lakin Rusiya Müdafiə Nazirliyi bu kimi təxribatların qarşısını almalıdır və Azərbaycanın ərazi bütövlüyünə, yer adlarına hörmətlə yanaşmağa borcludur.

Biz Kalininqrad əvəzinə “Kyoniqsberq” yazsaq, bu, Rusiya rəsmilərinin, mediasının xoşuna gələrmi? Təbii ki, yox. Ona görə də Rusiya tərəfi bunu nəzərə almalı, Azərbaycandakı yer adlarına hörmətlə yanaşmalıdır”. (Yenicag.az)

Related Articles

Bir cavab yazın

Back to top button