
Bu dövrdə bölgədəki qarışıqlığa baxmayaraq, Təbrizdə heç bir ciddi hadisə baş verməmiş və Ağa Məhəmməd 1790-cı ildə Azərbaycana gəlmişdir. Təbrizdə mərasimlə qarşılanan Ağa Məhəmməd şah Təbriz və Xoy şəhərlərinin idarəsini Hüseyn xan Dünbülüyə həvalə etmişdir. Ağa Məhəmməd şah 1797-ci ildə öldürüldükdən sonra yerinə qardaşı oğlu Fətəli şah keçmişdir. Fətəli şah Təbriz və Xoyun idarəsini Cəfər xan Dünbülüyə vermiş, ancaq Cəfər xan bir il sonra Sərab və Urmiya hakimləri ilə razılaşaraq bölgədə birləşmiş bir hökümət qurmaq istəmişdir.
Fətəli şah Qacar 1801-ci ildə oğlu və vəliəhdi Abbas Mirzəni Təbrizin idarəsinə göndərmişdir. Abbas Mirzə Marağa bəylərbəyi Əhməd xan ilə birlikdə Təbrizə gəlmişdi. 1804-cü ildə 1-ci Rus-İran müharibəsi başladı. Vəziyyəti belə görən Cəfər xan 1807-ci ildə Rusiyaya sığınmışdı. Bu tarixlərdə Şərqi Bəyazid və İrəvan arasında Abbas Mirzə ilə Osmanlı orduları qarşı-qarşıya gəlmiş və Abbas Mirzə qələbə çalmışdır.
Qacar dövründə Təbriz böyük siyasi mübarizələrə və düyüşlərə səhnə olmuşdur. Eyni zamanda bu mübarizə və döyüşlərin coğrafiyası Təbrizin sərhədini aşaraq bütün Azərbaycanı əhatə etmişdir. Çünki bu coğrafiya XIX əsr boyunca Rus və İngilis imperatorluqlarının bölgədəki nüfuz mübarizələrinin əsas meydanına çevrilmişdir. Bu iki imperiyanın XVIII əsrdən etibarən müəyyənləşən və 1800-cü illərdə zirvəyə çatan məqsədləri bölgə xalqlarına və eyni zamanda Təbriz türklərinə də böyük acılar yaşatmaq idi. Bu mübarizə bir çox eniş-yoxuşları ilə 1-ci Dünya müharibəsinə qədər fasiləsiz olaraq davam etmişdir.