İran

Təbrizdə uzun keşməkeşdən sonra azərbaycanlı Türkay adına kimlik sənədi verilib

Güney Azərbaycanda türk körpə Türkayın adına 8 aydan sonra nəhayət kimlik sənədi verilib. Bu haqda tanınmış təbrizli vəkil Sina Yusifi bilgi verib.

Sina Yusifi bildirib ki, Türkayın valideynləri Cavid və Puran xanımın şikayəti əsasında Təbriz məhkəməsinin şöbələrindən birində bu işə baxılıb.

5 ay davam edən prosesdən sonra məhkəmə hökm çıxarıb və Qeydiyyat İdarəsi Türkay adına kimlik sənədi verməyə məcbur olub.

Məhkəmənin qərarında bildirilib ki, Qeydiyyat İdarəsinin Türkay adını sənədləşdirməməsi qanunsuzdur və şəxsi yanaşma əsasında olub.
İranın Qeydiyyat haqqında Qanununun 16-cı maddəsinə əsasən, valideynlər övladlarına ad seçməkdə azaddırlar.

“Hər bir uşağın uyğun ada və vətəndaş kimliyi hüququna sahib olmaq haqqı vardır. Heç bir qanunsuz maneə vətəndaşları bu hüquqlardan məhrum edə bilməz”-deyə, məhkəmənin qərarında qeyd olunub.

Bununla yanaşı, Təbriz məhkəməsi Qeydiyyat İdarəsinin qanunsuz hərəkətinin 5 ay müddətində Türkayın bimə, müayinə, müalicə, vaksin və başqa hüquqlarından məhrum olmasına səbəb olduğunu bildirib.

Bundan sonra Qeydiyyat İdarəsi ilkin məhkəmənin qərarından Təcdidenəzər Məhkəməsinə şikayət verib.

Doğu Azərbaycan əyalətinin Təcdidenəzər Məhkəməsi isə işə yenidən baxaraq ilkin məhkəmənin qərarını təyid edib, Qeydiyyat İdarəsinin qərarını və şikayətini əsassız sayıb.

Bununla da, Güney azərbaycanlı valideynlər 8 ay mübarizədən sonra nəhayət mordadın 25-də övladlarına Türkay adı ilə kimlik sənədi ala biliblər.

Related Articles

Bir cavab yazın

Back to top button