Azərbaycan

Təbrizdə yüzlərlə ağacın kəsilməsi narazılığa səbəb olub

Aprelin 6-da Təbrizin Elgölü parkı yaxınlığında yüzlərlə ağacın kəsilməsi yerli əhali və sosial media istifadəçilərinin narazılığı ilə qarşılaşıb.

Ağaclar Şərqi Azərbaycan əyalətinin Təbii Sərvətlər İdarəsi əməkdaşları tərəfindən kəsilib.

Etirazların genişlənməsindən sonra adıçəkilən idarə ağacların kəsilməsini Təbriz bələdiyyəsinin Abadlıq İdarəsinin arayışı və icazəsi əsasında kəsildiyini iddia edib. Bildirilib ki, ağaclar çürüdüyü üçün kəsilib.

Bələdiyyənin Abadlıq İdarəsi bəyanat yayaraq 301 ağacın kəsilməsi ilə bağlı heç bir arayış vermədiklərini, bunun məsuliyyətinin Təbii Sərvətlər İdarəsinin üzərinə düşdüyünü bildirib.

“Çox təəssüf ki, şəhərin yaşıllığı ilə bağlı məsuliyyət daşıyan bir qurum yeni yaşıllıq zolaqlarının salınması, mövcud yaşıllıqların qorunması əvəzinə yüzlərlə  uzun ömürlü ağacları kəsir və bununla bağlı yalan məlumat yayır”-deyə, bələdiyyənin açıqlamasında qeyd olunub.

Qeyd edək ki, bir neçə il öncəyə kimi bağlarının və yaşıllıq zolaqlarının çoxluğuna görə İranda ən yaşıl şəhərlərdən biri hesab edilən Təbriz hal-hazırda yaşıllığın kəskin azalmasına görə boz şəhərlər sırasında yer almaqdadır.

 

Related Articles

Bir cavab yazın

Back to top button