Azərbaycanİran

Təbrizin xalça sənayesi məhv olmaq üzrədir

Əldə toxuma xalça sənayesi üzrə ekspert Səid Əhbab Təbrizin xalçaçılıq sənayesinin məhv olmaq üzrə olduğunu deyib.

O, bu barədə yerli “Azərəncümən” saytına müsahibəsində danışıb.

“Təbrizin xalça paytaxtı olmasına baxmayaraq, hazırda bu sahə acınacaqlı durumdadır. Təbrizin tarixi xalça bazıarındakı xalça mağazaları başqa malların satışı məkanına çevrilib və xalçaçılar işlərini dəyişməyə məcbur olublar”,- Əhbab bildirib.

O, xalçaçılara dövlət tərəfindən dəstək verilməməsi, xam malın bahalaşması, hökumətin xam mal təminatı ilə bağlı yarıtmazlığı səbəbindən Təbriz xalçasının istehsal və ixracatının 30% azaldığını söyləyib.

Səid Əhbab bir çox təbrizli sənətçi və xalçaçının Türkiyəyə mühacirət edərək orada fəaliyyət göstərdiklərini deyib.

Təbrizli ekspert bu sahədə İranın əksinə olaraq Azərbaycan Respublikasının sürətlə inkişaf etdiyini qeyd edib.

“Azərbaycan Respublikası xalça istehsalı sahəsində qədim tarixə malik olsa da, son zamanlar bu sahəni dahada genişləndirmək üçün fəallaşıb və xalça istehsal edən yeni avadanlıqlar alaraq ciddi uğurlar əldə edib”,- o, Azərbaycan Respublikasından nümunə götürməyi tövsiyə edib.

Qeyd edək ki, 2015-ci ildə Ümumdünya Əl İşləri Şurasının təsdiqi ilə Təbriz müxtəlif göstəricilərə görə “Dünya Xalçaçılıq şəhəri” adına layiq görülüb.

Hal-hazırda Şərqi Azərbaycan əyalətində bir başa və dolayısı yolla on minlərlə insan xalçaçılıq sənayesi sahəsində fəaliyyət göstərir.

İxracın azalması, xammalın qiymətlərinin kəskin artması və azərbaycanlı xalça istehsalçılarının ölkə üzrə sığorta paylarının az olması bu sənaye fəallarının əsas problemləri sayılır.

Related Articles

Bir cavab yazın

Back to top button