Azərbaycan

Təhlükəsizlik idarəsinə çağrılan milli fəaldan xəbər yoxdur

Bu barədə Rəştdə yaşayan milli fəallar məlumat veriblər.

Gilan əyalətinin Rəşt şəhərindən milli fəalların verdiyi məlumata görə, yanvarın 23-də təhlükəsizlik idarəsinə çağrılan güney azərbaycanlı milli-mədəni fəal Məhəmməd Eyni barədə məlumat əldə etmək mümkün olmur.

Fəalın ailəsi onun taleindən nigəran olduqlarını, ancaq əlaqədar qurumların bu barədə hər hansı açıqlama vermədiklərini deyiblər.

Qeyd edək ki, Gilan əyalətinin mərkəzi Rəş şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal Məhəmməd Eyni yanvarın 22-də təhlükəsizlik idarəsinə çağrıldığı barədə məlumat yaymışdı.

Məhəmməd Eyni bu barədə özünün sosial media hesabında etdiyi paylaşımda “şənbə günü Rəşt şəhərinin təhlükəsizlik idarəsinin əməkdaşı telefon əlaqəsi saxlayaraq bazar günü idarəyə gəlməyimi tələb etdi.

Yazılı bildiriş göndərmədən idarəyə çağırılmağımın qanunsuz olduğuna baxmayaraq, nə üçün çağrıldığımı və barəmdə nə qərar verəcəklərini bilmək üçün bazar günü təhlükəsizlik idarəsinə gedəcəyəm”-deyə, Eyni yazıb.

Bundan öncə 2020-ci ilin oktyabr ayında Məhəmməd Eyni İbrahim Gənci və Vədud Əsədi ilə birgə Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əməliyyatlara dəstək verdiklərinə görə saxlanılmışdı.

Onlar “ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət” və “sistemə qarşı təbliğat” ittihamı ilə mühakimə olunmuşdu.

Lakin 2021-ci ilin noyabr ayında Rəşt şəhərinin İnqilab Məhkəməsinin 12-ci bölməsi tərəfindən barələrində qaldırılan cinayət işinə son verilmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button