Azərbaycanİran

Tanınmış güneyli həkim-cərrah Şapur Ənsəri Cəbrayıl və Şuşaya səfər edib

Azərbaycanda səfərdə olan tanınmış güney azərbaycanlı həkim-cərrah Şapur Ənsəri Cəbrayıl rayonu və Şuşa şəhərinə səfər edib. Həmyerlimizin səfərinin ilk ünvanı Xudafərin körpüsü olub.

Səfər Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə və təşkilatçılığı ilə baş tutub.

Ənsari azərbaycanlıların bu günü illərdir həsrətlə gözlədiyini bildirib: “Biz azərbaycanlılar bu günü çox həsrətlə gözləmişik, nəhayət Arazın bu tayındayıq. Tarixi Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı ucaldı, müzəffər ordumuz onu əsl sahibinə qaytardı”.

Daha sonra nümayəndə heyəti ilə birlikdə Şuşa şəhərinə yollanan Şapur Ənsəri Azərbaycanın tanınmış şəxsiyyətləri Xurşidbanu Natəvanın dağıdılmış ev muzeyini, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini, Aşağı Gövhər ağa məscidini, Şuşa qalasını, Cıdır düzünü ziyarət edib. Qonaqları müşayiət edən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Beynəlxalq münasibətlər və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova şəhərdə bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib, qonaqlar  həyata keçirilən işlərlə tanış olublar.

Qeyd edək ki, Şapur Ənsari 1936-cı ildə Marağada anadan olub. Tehranda tibb təhsilini başa vurduqdan sonra ABŞ-ə gedib. Uzun müddət bu ölkədə ürək cərrahı kimi çalışıb, eyni zamanda dərs deyib. Həmçinin özünün klinikasını açıb.

Bununla yanaşı o, ABŞ-də mötəbər rəsmi tədbirlərdə Azərbaycanın təbliğatını aparır. Ş. Ənsari 60 ildən çoxdur ki, ABŞ-də yaşamasına baxmayaraq tez-tez Azərbaycana gəlib-gedir.

Keçmiş Prezident Heydər Əliyevlə də yaxın münasibətləri olan Şapur Ənsari, Azərbaycan həqiqətlərinin dünyada yayılmasında rol oynayıb.

O, Güney Azərbaycan və İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi və təmini istiqamətində fəaliyyətlərini davam etdirir.

Related Articles

Bir cavab yazın

Back to top button