AzərbaycanİranMəqalələr

Tarix: Təbrizdəki türbə və məqbərələr – Şeyx Səfi kompleksi

Azərbaycanın ən iri və görkəmli orta əsr memarlıq ansambllarından biri Ərdəbil Şeyx Səfi kompleksidir.

Kompleksin əsasını ХIII yüzilliyin sonlarında Səfəvilər sülaləsinin qurucusu Şeyx Səfiəddin İshaq Ərdəbili (1252-1334) qoymuşdur. Ərdəbilin bazar meydanı qarşısında yerləşən bu kompleks bağ və həyətlər ətrafında düzülmüş binalardan formalaşmışdır. Onun tərkibində Cənnətsəra binası (XIII əsr), Şeyx Səfi türbəsi (XIV əsr), I Şah İsmayılın və anası Aləmşah Bəyimin türbələri (XVI əsr), Qəndilxana məscidi (1526-cı il), Cinixana (XVI əsr) və başqa tikililər daxildir. Başda Şeyx Səfi türbəsi olmaqla Səfəvi sülaləsinin üzvlərinin türbələri kompleksin kompozisiyasında önəmli yer tutur. Kompleksin təntənəli giriş baştağı – Ali qapı (1647) uçulub aradan getmişdir.

Kompleksdə ən qədim tikili olan Cənnətsəranın maraqlı memarlıq və mühəndis həlli var. Onun səkkizüzlü prizmatik gövdəsi o dövr üçün xeyli iri olan günbəzlə (diametri 17 metr) örtülü olmuşdur. Ansamblın baş tikilisi sayılan Şeyx Səfi türbəsi Elxanilər dövrünün nadir qülləvari türbələrindədir. Onun daş kürsülük üzərində yüksələn silindrik gövdəsi qırmızımtıl kərpic hörgüsü fonunda göy kərpiclərdən yığılmış və sonsuz təkrarlanan “Allah” sözü ilə örtülmüşdür. Bu səbəbdən onu “Allah-Allah” türbəsi də adlandırırlar.

Şeyx Səfi ansamblını həm də Azərbaycan ərazisində ən iri xanəgah kompleksi saymaq olar. Cənnətsəra başlanğıcda sufi mərasimləri üçün nəzərdə tutulmuşdusa, Çinixana bu nüfuzlu ziyarətgaha gətirilən hədiyyələrin saxlanıb qorunduğu bina olmuşdur. Onun bütün divarlarında quraşdırılmış dəyişik ölçü və biçimli gözəl tağcalarda çox qiymətli çini qablar, nadir əlyazmalar, qızıl və gümüş əşyalar toplanmışdı. Dini bina üçün qeyri-adi memarlığı olan qəndilxana məscidi kompleksin üç əsas binasını – Cənnətsəra, Şeyx Səfi türbəsi və Çinixananı birləşdirərək ansamblın kompozisiyasında mərkəzi mövqe tutmuşdur. Kompleksin əsas tikililərinin iç və dış tərtibatında kaşı mozaikası çox geniş və böyük ustalıqla tətbiq edilmişdir. Səfəvilər dövrünün kaşı bəzəyinin zənginliyi və dolğunluğu baxımından Ərdəbil kompleksi Azərbaycan memarlığının ən sanballı əsəridir.

Şeyx Səfi ansamblı ХIХ əsrdə talan edilmiş, onun zəngin kitabxanası hərbi qənimət kimi Sankt-Peterburq şəhərinin MY.Saltıkov-Şedrin adına kitabxanasına, məşhur Şeyx Səfi xalçası isə Londonun Viktoriya və Albert muzeyinə aparılmışdır.

Related Articles

Bir cavab yazın

Back to top button