
Donald Tramp çıxışı zamanı İranı regionda qeyri-sabitlik və müharibə yaymaqda günahlandırıb və ondan yeni nüvə sazişini qəbul edib-etməmək barədə tez qərar verməsini tələb edib.
“Bizim vəzifəmiz milyonlarla insanların arzularını girov saxlayan bir neçə xaos və terror qüvvəsinə qarşı birləşməkdir. Bu qüvvələrin ən böyük və ən dağıdıcısı İranda ağlasığmaz iztirablara səbəb olan rejimdir.” – deyə Tramp bildirib.
Tramp müharibələrə son qoymağa və düşmənləri barışdırmağa çalışdığını qeyd edib və İran üçün vaxtın azaldığını deyib.
“İrana gəlincə, mən heç vaxt daimi düşmənlərimin olmasına inanmamışam. Mən çoxlarının düşündüyündən fərqliyəm. Mən daimi düşmənləri sevmirəm… İranla razılaşmaq istəyirəm. Ancaq İran rəhbərliyi bu zeytun budağından imtina edərsə və qonşularına hücum etməyə davam edərsə, o zaman bizim İran neftinin ixracını sıfıra endirmək üçün maksimum təzyiq göstərməkdən başqa çarəmiz qalmayacaq.” – deyə Tramp əlavə edib.
Tramp İranın nüvə silahına sahib olmaması üçün Amerikanın hər şeyi edəcəyini bir daha vurğulayıb.