AzərbaycanDünya

Türkiyə KİV-ləri Prezident İlham Əliyevin çıxışına geniş yer verib

Türkiyə KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışını geniş işıqlandırıb.

“Haber Global” Azərbaycan Prezidentinin Fransanın müstəmləkə siyasəti ilə bağlı fikirlərinə diqqət çəkib. “Əliyev: Fransa müstəmləkə keçmişinə və soyqırım cinayətlərinə görə üzr istəməlidir” başlıqlı xəbərlə Prezident İlham Əliyevdən geniş sitat təqdim edib.

“Fransa müstəmləkə keçmişinə və soyqırımı cinayətlərinə görə üzr istəməlidir. Ermənistanın fəaliyyətinə görə Azərbaycan dünyada ən çox minalanmış ölkələrdən biridir. Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyir.

Fransa müstəmləkə keçmişinə və soyqırım cinayətlərinə görə üzr istəməlidir. Niderland müstəmləkə keçmişinə və köləlik fəaliyyətinə görə üzr istəyərək bunu etdi və biz Fransanı da eyni şeyi etməyə çağırırıq.

Əlcəzairəsilli Naelin öldürülməsi Fransada irqçilik və ayrı-seçkiliyin yeni nümunəsidir.

Fransa başqalarına mühazirə oxumaq əvəzinə öz ölkəsindəki narahatedici problemlərə diqqət yetirməlidir. Fransa hələ də neokolonializmi qoruyan ölkələrdən biridir”, – deyə sitatda qeyd olunub.

“Haber.com” saytı isə İlham Əliyevin “Ermənistan regionda sülh istəyirsə, silahlı qüvvələrini Qarabağdan tamamilə çıxarmalıdır” sözlərini önə çəkib.

“Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa məcbur olsa da, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində hələ də erməni silahlı qüvvələrinin qalıqları var.

Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhün əldə olunmasında maraqlıdırsa, o, öz silahlı qüvvələrini Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxarmalıdır. Bölgədəki erməni hərbi ünsürləri tərksilah edilməli və demobilizasiya edilməlidir”, – deyə sayt İlham Əliyevdən sitat təqdim edib.

Portalda, həmçinin, İlham Əliyevin çıxışında Zəngəzur dəhlizi ilə bağlı söylədiklərinə də diqqət çəkilib: “Ermənistan Zəngəzur dəhlizinin açılmasına da mane olur.

Zəngəzur dəhlizi Ermənistanın 10 noyabr 2020-ci ildə imzaladığı kapitulyasiya sənədi ilə üzərinə götürdüyü növbəti öhdəlikdir və buna görə də yerinə yetirilməlidir”.

“Yeni Şafak” qəzeti “Azərbaycan prezidenti Əliyev: Hollandiya köləlik fəaliyyətinə görə üzr istəyib Biz Fransanı da eyni addımı atmağa çağırırıq” başlıqlı xəbəri ilə İlham Əliyevin çıxışına geniş yer verib: “Biz Fransa hökumətini Qoşulmama Hərəkatının əsas sənədlərində əks olunduğu kimi, Yeni Kaledoniya xalqının və Fransanın xaricdəki icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq.

Fransanın Avropadan kənarda nəzarət etdiyi torpaqlar Fransa müstəmləkə imperiyasının dəhşətli qalıqlarıdır.

Biz, həmçinin Fransanı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və Afrika, Cənub-Şərqi Asiya və digər regionlarda Qoşulmama Hərəkatına üzv ölkələrə qarşı soyqırım aktlarına görə üzr istəməyə və məsuliyyəti qəbul etməyə çağırırıq”.

Nüfuzlu “ensonhaber.com” saytı da İlham Əliyevin “Makron üzr istəməlidir” ifadəsini qabardıb.

Sayt yazır: “Paris administrasiyasının müstəmləkə keçmişinə toxunan Əliyev “Onlar milyonlarla insandan üzr istəməlidirlər” deyib. Azərbaycan prezidenti İlham Əliyev Fransanı neokolonial siyasət yürüdən ölkələrdən biri olmaqda ittiham edib.

Əliyev Fransada, o cümlədən mediada irqçi və diskriminasiya xarakterli diskursların geniş vüsət aldığını diqqətə çatdırıb”.

Bunlarla yanaşı, “Beyaz Gazete”, “aksam.com.tr”, “haber16.com” kimi nüfuzlu media qurumları da Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısındakı çıxışına geniş yer veriblər. (report)

Related Articles

Bir cavab yazın

Back to top button