Azərbaycan

Urmu gölünün bərpası məqsədilə imzatoplama kampaniyası başlayıb

Məhv olmaqda olan Urmu gölünün qurumasının qarşısının alınması və bərpası üçün tədbirlərin görülməsi tələbi ilə imzatoplama kampaniyası başladılıb.

İran prezidenti, İslami Şura Məclisinin başçısı, parlamentin Ətraf Mühit, Su, Kənd Təsərrüfatı və Təbii Ehtiyatlar komissiyalarının, Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçılarına ünvanlanan müraciətdə baş verən ekoloji fəlakətin qarşısının alınması üçün əməli addımların atılması tələb edilib.

“Urmu gölünün narahatedici quraqlıq şəraiti, onun Qərbi və Şərqi Azərbaycan əyalətlərində göl ətrafındakı irili-xırdalı şəhərlərdə insanların həyatı ilə bağlı fəlakətli nəticələri, habelə yüzlərlə heyvan növünün məhv edilməsi və ekoloji faciələr səbəbindən ilgili qurumların məsələyə təcili müdaxiləsi vacibdir.

Duz fırtınaları, bölgənin ekosisteminin məhv olması, yeraltı su quyularının quruması və bir çox başqa fəsadlar əvvəlki və indiki hökumətlərin gölün dirçəldilməsinə etinasız yanaşmasının və məsuliyyətdən yayınmasının nəticəsidir.

Ətraf mühit fəallarının, tədqiqatçıların və mütəxəssislərin quraqlığın nəticələri və Urmu gölünün bərpası strategiyaları haqqında rəylərinə əsaslanaraq, bu milli sərvətin qorunması üçün xalqın bununla bağlı tələblərinə diqqət yetirin”-deyə, müraciətdə bildirilib.

Qeyd edək ki, Şərqi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı İdarəsinin başçısı Əkbər Fəthi artıq 90 faizi qurumuş Urmu gölü su hövzəsində səhralaşma prosesinin sürətləndiyini bildirib.

“Əgər bir gün kimsə Şərqi Azərbaycanda səhralaşma olacağını desəydi kimsə buna inanmazdı. Ancaq bu gün Urmu gölü su hövzəsində artıq səharanın olduğunu görürük”-deyə, Fəthi bildirib.

Özəlliklə son vaxtlar quraqlıq və Urmu gölünün quruması nəticəsində bölgənin bitki örtüyü ciddi şəkildə məhv olub və ətraf əyalətlərdə toz və duz fırtınaları ekoloji problemlərə gətirib çıxarıb.

Related Articles

Bir cavab yazın

Back to top button