Azərbaycan

XİN ingilis nazirin səfirliyə hucumu “fikir azadlığı” adlandırmasına etiraz etdi

“Londonda Azərbaycan səfirliyinə qarşı baş verən insident radikal dini qrup üzvləri tərəfindən diplomatik nümayəndəliyə qarşı edilən hücumdur, təxribatdır və bu hadisə diplomatik nümayəndəliyimizin təhlükəsizliyi məsələsini ciddi şəkildə gündəmə gətirir. Bir daha xatırladırıq ki, diplomatik nümayəndəliklərin, o cümlədən diplomatların təhlükəsizliyi beynəlxalq öhdəliklərə uyğun olaraq ev sahibi ölkəsi tərəfindən təmin edilməlidir. Bununla əlaqədar olaraq, Britaniya nazirinin diplomatik heyətin təhlükəsizliyini priorotet məsələ kimi qeyd etməsi əhəmiyyət kəsb edir”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

“O ki, qaldı “fikir azadlığının ifadə edilməsinə”, Londondakı səfirliyimizə hücumla heç bir əlaqəsi olmayan bu prinsipin azad cəmiyyətdə tətbiq edilməsi yollarına, qaydalarına yəqin ki, qədim Qərb demokratiyası olan Britaniyanın müvafiq qurumları yaxşı bələddirlər.

Əks təqdirdə, hər hansı radikal və qeyri-qanuni addımın “azadlıq” pərdəsi altında şərh edilməsi ölkə təhlükəsizliyinə ciddi problemlər yarada bilər.

Öz tərəfimizdən, Londondakı səfirliyimizə qarşı təxribatın ətraflı şəkildə araşdırılacağını və bu təxribatı törədənlərin məsuliyyətə cəlb ediləcəyini gözləyirik”.

Xatırladaq ki, avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

Qeyd edək ki, Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Qraham Stüart Azərbaycanın Londondakı səfirliyində təhlükəsizliklə bağlı insidentlə bağlı Azərbaycanın səfiri Elin Süleymanov ilə görüşüb və nazir hadisənin baş verməsindən dərin təəssüf hissi keçirdiyini bildirib:

Bununla yanaşı nazir bildirib ki, Böyük Britaniya ifadə azadlığı hüququnu dəstəkləmək ənənəsinə malikdir, lakin bu, dinc və qanuni nümayişlər vasitəsilə həyata keçirilməlidir. (azpost.info)

Related Articles

Bir cavab yazın

Back to top button