Azərbaycan

30 il sonra nəşi tapılan şəhidin qardaşı: “Anam və atam Cahidin həsrəti ilə dünyadan köçdü”

"Anam və atam Cahidin həsrəti ilə dünyadan köçdü".

Bu sözləri Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və nəşi 30 il sonra Xocavənd rayonunun Edilli kəndində tapılan Cahid Nağıyevin qardaşı Şəhadət Nağıyev deyib.

Onun sözlərinə görə, qardaşı həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra döyüşə könüllü olaraq yollanıb: “Qardaşım Cahid çox vətənpərvər oğul idi, onun üçün torpaq, vətən sevgisi hər şeydən üstün idi. Qardaşımdan 30 ildir heç bir xəbər ala bilməmişdik. Döyüş yoldaşlarının dediyinə görə, Cahid minaya düşüb. O, itkin düşməzdən əvvəl bizə sevdiyi xanım olduğunu demişdi. Biz də bütün hazırlıqları görmüşdük. Əgər itkin düşməsəydi, bir həftə sonra qardaşım üçün elçi gedəcəkdik”.

Ş.Nağıyev bildirib ki, ana və atası Cahidin həsrəti ilə bir neçə il öncə dünyalarını dəyişiblər: “Anam və atam illərlə oğullarının yolunu gözlədilər və onun həsrətilə də dünyadan köçdülər. Bu gün çox kədərliyik, ancaq gözümüzün yollardan çəkildiyi üçün də sevinirik. Çox şükür, artıq torpaq dərdimiz də yoxdur. Azərbaycan Ordusunun şücaəti sayəsində torpaqlarımız işğaldan azad olundu, qaçqın adı üstümüzdən götürüldü. Bu gün qardaşımın da ruhu şaddır. Anamla atamı Füzuli rayonunda dəfn etmişik. Onlar vəsiyyət etmişdilər ki, qardaşım tapılarsa, onların yanında dəfn edək. Biz də onların vəsiyyətini yerinə yetirərək qardaşımı doğulduğu Füzuli rayonunda dəfn edəcəyik”.

Qeyd edək ki, Nağıyev Cahid Şəfa oğlunun 1969-cu il avqustun 26-da Füzuli rayonunun Aşağı Seyidəhmədbəyli kəndində anadan olub. O, 1993-cü il avqustun 8-də Füzuli rayonunda, “Murquzlu” dağı “Üçtəpə” yüksəkliyi ərazisində itkin düşüb. Onun meyitinin qalıqları 30 il sonra Xocavənd rayonunun Edilli kəndində tapılıb.

Related Articles

Bir cavab yazın

Back to top button