Azərbaycanİran

Güney azərbaycanlı milli fəal, molla rejiminin qurbanı Qulamrza Əmaninin ölümünün 15-ci ildönümüdür

2008-ci ilin oktyabrında Güney azərbaycanlı milli fəal Qulamrza Əmani və onun iki qardaşı - Cəfər və Kərim Təbriz-Əhər yolunda avtomobil qəzasına düşüblər. Nəticədə iki qardaş hadisə yerində keçinmiş, Qulamrza Əmani isə ağır yaralanmışdır.

Bir çox milli hərəkat fəalı qəzada İslam İnqilabı Keşikçilər Korpusunun əlinin olduğunu qeyd edir. Bəzi mənbələrə görə, Əmaninin olduğu avtomobil İranın İnqilab Keşikçilərinə məxsus bir yük maşını ilə toqquşub və nəticədə o, ağır yaralanıb. Deyilənlərə görə, İranın polis və təcili yardım işçiləri Əmaninin Təbriz xəstəxanasına aparılmasını beş saat yubatdıqlarına görə, onun həyatını xilas etmək mümkün olmayıb. Qulamrza Əmani və onun iki qardaşı – Cəfər və Kərim daha sonra Təbrizin Maralan qəbiristanlığında dəfn ediliblə.

Qulamrza Əmani 1973-cü ildə Güney Azərbaycanda anadan olub. O, 1996-cı ildə Təbriz Universitetinin mühəndislik fakültəsində kənd təsərrüfatı sahəsində təhsil alıb. Lakin İran hökuməti ona öz ixtisası üzrə işləmək imkanı verməyib. Əmani İranda yaşayan azərbaycanlılar və digər xalqların mədəni və insani hüquqlarının müdafiəsində dururdu, həmçinin demokratiya, söz azadlığı və insan haqları uğrunda mübarizə aparırdı. O, güney azərbaycanlılar tərəfindən yaradılmış Güney Azərbaycan Milli Oyanış Hərəkatı Təşkilatının qurucularından və liderlərindən hesab edilirdi. Siyasi fəaliyyətinə görə, Əmani dəfələrlə molla rejimi tərəfindən tutulmuş, 2000-2004 və 2006-cı ilin may qiyamından sonra da bir neçə dəfə həbs edilərək, Təbriz və Tehran Ettelaat İdarələrinin təcridxanalarında saxlanılmışdır.

Əmaninin ölümü təkcə onun ailəsi üçün deyil, həmçinin bütün Azərbaycan xalqı üçün böyük bir itkidir. Azərbaycanlı fəallar hər il Əmani qardaşlarının ölüm günü ərəfəsində Azərbaycanın müxtəlif şəhərlərindən Təbrizə gələrək, molla rejiminin təhlükəsizlik qüvvələrinin təzyiqləri altında olsalar da, Maralan qəbiristanlığında anım mərasimi keçirirlər.

#QulamrzaAmani #millifeal

Related Articles

Bir cavab yazın

Back to top button