Azərbaycan

Əbülfəz Elçibəyin anım günüdür

Bu gün Azərbaycanın dövlət, siyasi və ictimai xadimi, Milli Hərəkatın lideri, Azərbaycan Xalq Cəbhəsinin sədri və Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyin doğum günüdür.

Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olub.

7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib.

1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib.

Əbülfəz Elçibəy hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparıb, gizli tələbə dərnəkləri yaradıb və azadlıq ideyalarını geniş şəkildə yayıb.

Məhz bu səbəbdən 1975-ci ildə həbs edilib. Lakin həbs də onu yolundan döndərə bilməyib.

1988-ci ildə Azərbaycanda Milli Hərəkat başlayanda Elçibəy ona rəhbərlik edib. O, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (iyul 1989) biri və sədri olub.

1992-ci il iyunun 7-də prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan hərbi qiyamdan sonra Bakını tərk edib və vətəndaş müharibəsinə yol verməmək üçün 1993-cü il iyunun 17-də doğulduğu Ordubad rayonunun Kələki kəndinə gedib.

İyunun 24-də Milli Məclisin qərarı ilə səlahiyyətlərinə son verilmiş Əbülfəz Elçibəy daha sonra Bakıya qayıdaraq fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyinin sədri kimi davam etdirib.

Əbülfəz Elçibəy 2000-ci ilin avqustun 22-də Türkiyənin Ankara Dövlət Xəstəxanasında dünyasını dəyişib və Fəxri xiyabanda dəfn edilib.

Related Articles

Bir cavab yazın

Back to top button