Aksiyada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və icra aparatının məsul əməkdaşları da iştirak ediblər. Rayon rəhbəri iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə cənab Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini ölkəmizin həyatında mühüm hadisələrdən biri kimi dəyərləndirib. Sərəncamda qeyd edildiyi kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Aksiyanın keçirilməsində əsas məqsəd ətraf mühitin sağlamlaşdırılması, təmizliyə riayət olunmasını təbliğ etmək, məişət tullantıları ilə zibillənmənin qarşısını almaq və bütün gəncləri ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir. Eyni zamanda cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasında, ən əsası da ölkədə keçirilən ekoloji tədbirlərdə yaxından iştirak etmək və ekoloji maarifləndirmə işlərinə töhfə verməkdir.
Tədbirdə zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları tərəfindən ərazi plastik və digər məişət tullantılarından təmizlənib.