Azərbaycan

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür.

1995-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 Sentyabr – Milli Musiqi Günü elan edilib.

Həmin gün tək musiqisevərlərin yox, həm də xalqımızın bayramıdır.

Qeyd edək ki, böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsini maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edib.

Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli 1885-ci il sentyabrın 18-də Şuşada anadan olub. O, dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938), Stalin mükafatı laureatı (1941), “Lenin Ordeni” və “Qırmızı Əmək Bayrağı” ordeni laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948) olub.

Ü. Hacıbəyli milli musiqi xəzinəsinə yeni janr və formatlarla zənginləşdirən bir sıra əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan dahiyanə “Koroğlu” operasını bəstələyib. O, həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də yeni Azərbaycan Respublikasının Dövlət himnlərinin musiqisinin müəllifidir.

Üzeyir bəy elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoyub və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik edib. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanıb və dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub. Görkəmli musiqi xadimləri onu “professional Şərq musiqisinin atası” adlandırıblar. Azərbaycan və dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan Ü. Hacıbəylinin anadan olmasının 100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunub.

Related Articles

Bir cavab yazın

Back to top button